Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili çıxış edib.
O, müdafiə etdiyi şəxsin Bakı Hərbi Məhkəməsində çıxarılan hökmdən narazı olduğunu bildirib və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.
Cəlal Kazımov isə bildirib: "Mən əsgərəm, nə əmr edilib, onu etmişəm. Buna baxmayaraq, məni təqsirləndirilən şəxs elan ediblər. O pulu həqiqətən mənimsəyənlər - bu işin başında olan Rafail Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasovdur. Mən demirəm ki, etməmişəm. Deyirəm ki, vəsait almamışam. Həmçinin, heç bir yerdə imzam yoxdur. Bu peşəni vətəni talamaq üçün yox, onu qorumaq üçün seçmişəm".
Məhkəmə prosesi iyunun 12-də davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş edib. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti nin vəsatəti əsasında həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır.
Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.