“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən İmran Əliyevin vəkili məhkəməyə vəsatətlər verib.
O, ilk vəsatətində təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq müdafiəçinin yanında əyləşdirlməsini xahiş edib.
Müdafiəçi ikinci vəsatətində kağız formatında olan ittiham aktının istintaq orqanı tərəfindən elektron formada müdafiə tərəfinə təqdim edilməsini istəyib.
Vəkil digər vəsatətində cinayət işi təqibinə xitam verilməsini istəyib. O, bildirib ki, ittiham aktında cinayət işi ilə bağlı sübut yoxdur. Bunun üçün də cinayət işinə xitam verilməlidir.
Təqsirləndirilən İmran Əliyevin müdafiəçisi Rəsul Cəfərov məhkəməyə bildirib ki, vəsatəti təmin edilməyərək cinayət işinə xitam verilməyəcəyi təqdirdə müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbirilə əvəz edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən İmran Əliyevin müvəkkilinin yanında əyləşdirilməsi vəsatətini təmin edib.
Digər vəsatətlər təmin edilməyib.
Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar verib.
Məhkəmənin növbəti iclası 10 iyunda keçiriləcək.
Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.///apa