23 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikah taleyimiz olmasın” adlı maarifləndirici layihə uğurla həyata keçirilib.
Təşkilatdan verilən məlumata görə, layihənin əsas məqsədi cəmiyyətimizdə hələ də aktual olan erkən nikah hallarının qarşısının alınması, gənclər və yerli icma nümayəndələri arasında bu mövzuya dair maarifləndirmə işlərinin aparılması, erkən nikahın sosial, psixoloji və hüquqi fəsadları barədə ictimaiyyətə düzgün məlumatın çatdırılması olub.
İki gün davam edən layihə çərçivəsində müxtəlif təqdimatlar, maarifləndirici seminarlar, çay fasilələri, interaktiv müzakirələr və sertifikatların təqdimatı mərasimi təşkil olunub.
Layihə çərçivəsində iştirakçılara təqdim olunan maarifləndirici kitabçada erkən nikahla bağlı ən vacib məlumatlar, statistik göstəricilər və erkən nikahın qarşısının alınması üçün faydalı tövsiyələr öz əksini tapıb.
Layihənin rəhbəri Vüsalə Hümbətli tədbirin açılışında bildirib:
“Bu layihə, erkən nikah probleminə diqqət çəkmək və gənclərimizə bu mövzuda düzgün bilgilər vermək məqsədi daşıyır. İnanırıq ki, belə tədbirlər vasitəsilə cəmiyyətdə bu məsələyə münasibət dəyişəcək və erkən nikah hallarının qarşısını almaq üçün daha təsirli nəticələr əldə ediləcək.”
Tədbirdə ekspert qismində Reyhan Məmmədova çıxış edərək erkən nikahın yaratdığı problemlər, qanunvericilikdəki müddəalar və bu halların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçılar layihənin faydalı və zəruri olduğunu qeyd edərək, bu tip təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.