Şəhid lövhələrinin sökülməsi ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA

14:08 - 26 May 2025 - ÖLKƏ İÇİ

Gəncə şəhərində yol kənarlarında şəhidlərin foto və məlumatları olan lövhələrin sökülməsi barədə məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə şəhid fotoları olan lövhələrin sökülərək maşınlara yükləndiyi öz əksini tapıb.

Bu addım bəzi şəhid yaxınları və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, lövhələrin sökülməsi üçün şəhid ailələrinin razılığı alınıb:

“Hər birimizə məlumdur ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. 

Gəncə  şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb”.

Həmçinin qeyd edilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən "İstiqlal" parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb, eyni zamanda "gencesehidleri.az" saytı hazırlanaraq istifadəyə verilib.

Xəbər xətti