"Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 nəfər göstərmişdi. Apellyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı".
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil ekspteri Kamran Əsədov bildirib. Ekspert bildirir ki, yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı:
"Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi? DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir?
Maraqlıdır DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?
Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir".
Kamran Əsədov vurğulayıb ki, təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır.