Aİ-92 benzini və dizel bahalaşa bilər

16:51 - 23 May 2025 - İQTİSADİYYAT

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib. 

Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton üçün 1 manat, iyunun 1-dən sonra isə 200 manat müəyyən edilib. 

Nəzərə alaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.

Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.

İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il – 8.77 min ton).

Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.

Ucnoqta.az xəbər verir ki, mövzu iə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə Aİ-92 və dizel yanacağının qiymətini hökumət tənzimləyir:“Bu yanacaq növlərinin qiyməti yalnız Tarif Şurasının qərarından sonra dəyişə bilər. Ona görə də Nazirlər Kabinetinin bu qərarı qiymətlərə birbaşa təsir göstərmir. Amma bu qərar yeni qiymətlərin formalaşması üçün Tarif Şurasına bir siqnal ola bilər və Tarif Şurası qiymətlərə yenidən baxa bilər. 

Bu qərar qiymətlərə birbaşa təsir etməsə də, Nazirlər Kabinetinin və Tarif Şurasının qiymətləri dəyişdirmək səlahiyyətlərini nəzərə alsaq, onda qərarın yaxın gələcəkdə qiymətlərə təsiri ola bilər. Yəni hər şey Tarif Şurasının məsələyə münasibətindən asılıdır”.

Xəbər xətti