Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “İstehlakçı hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.
Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr edilmiş təlimə 30-a yaxın media nümayəndəsi qatılıb.
Tədbir zamanı Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn təqdimatla çıxış edərək istehlakçılar üçün bələdçi rolunu oynayan, onların öz hüquqları barəsində məlumatlılığının artırılmasına xidmət edən sosial layihə – “Istehlakchi.az” platforması haqqında məlumat verib. Qeyd edilib ki, platformanın yaradılmasında əsas məqsəd istehlakçıları və sahibkarlıq subyektlərini istehlakçıların qanunvericiliklə təminat verilmiş hüquqları barədə maarifləndirmək, bununla da istehlakçı hüquqlarının pozulmasının qarşısını almaqdır.
Tədbir çərçivəsində Agentliyin şöbə müdirləri Elşən Cəfərov və Yusif Tapdıqlı “Malların dəyişdirilməsi və qaytarılması”, “Elektron ticarət”, “Qiymət intizamı” və “İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı lazımi keyfiyyətli qeyri-qida malı dəyişdirilərkən istehlakçıların sahib olduqları hüquqlar, qüsurlu mal əldə etdikdə atılmalı addımlar, elektron ticarət zamanı istehlakçıların diqqət etməli olduğu əsas məqamlar, eləcə də istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili mövzularına toxunulub. Qeyd edilən istiqamətlərdə Agentlik tərəfindən görülən işlər diqqətə çatdırılıb.
Sonda mövzularla bağlı KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təlim iştirakçılarına sertifikatlar təqdim edilib.