BMT TŞ-da veto hüququ olan müsəlman ölkəsi təmsil olunmalıdır - Ərdoğan

21:51 - 3 Mart 2025 - DÜNYA

Beynəlxalq vəziyyət tələb edir ki, BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri veto hüququna malik islam ölkəsi olsun.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müsəlmanların müqəddəs Ramazan ayında iftar süfrəsi ilə bağlı səfirlər qarşısında çıxışı zamanı deyib.

“BMT Təhlükəsizlik Şurasında veto hüququna malik İslam ölkəsinin olması indi sadəcə zərurət deyil, məcburi şərtdir. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü gücü bölüşmək əvəzinə, hakimiyyəti öz əllərində cəmləyərək, problemləri təzyiq yolu ilə həll etməyə çalışırlar”, - Türkiyə lideri bildirib.

O, təkrar edib ki, “Türkiyənin “Dünya beşdən böyükdür” şüarı altında mübarizəsi davam edəcək. Özünə aid problemlər yaradan qlobal sistem əvəzinə, biz daha əhatəli qlobal struktur yaratmalıyıq. Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar indi qərarvermə proseslərində layiq olduqları kimi təmsil olunmalıdırlar”, - deyə Ərdoğan əlavə edib.

Xəbər xətti