Balakən rayonunda cari məsələlərin müzakirəsi məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, rayon təhsil sektorunun əməkdaşları iştirak ediblər.
İclasda tədrisin keyfiyyəti, qarşıda duran vəzifələr və prioritet istiqamətlər müzakirə olunub. Ötən tədris ilində IV və VI siniflər üzrə keçirilmiş monitorinq qiymətləndirməsinin nəticələri təhlil edilib, IX və XI siniflərin buraxılış imtahanları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb. Həmçinin “Bilbacar” və “Cerebry” layihələri də daxil olmaqla müxtəlif aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müəllimlərlə keçirilən məlumatlandırıcı görüşdə isə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu ətrafında geniş müzakirələr aparılıb. Təhsilverənlərə bu prosesin onların karyera inkişafına və gələcəkdə həyata keçiriləcək əməkhaqqının stimullaşdırılması tədbirlərinə təsiri barədə ətraflı məlumat verilib.
Keçirilən görüşlərin sonunda auditoriyanın sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.