Nazirlik "Ağsu" mehmanxanasının fəaliyyətini dayandırdı

15:23 - 25 Fevral 2025 - ÖLKƏ İÇİ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli mehmanxananın fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, DYNX tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektin yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verildiyi, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmadığı və s. nöqsanlar aşkarlanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Ağsu” mehmanxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Xəbər xətti