Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
M.Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi. Muxtar Babayev isə 2018-ci ildən nazir vəzifəsində çalışırdı.
Samir Şərifovla Muxtar Babayevin yerinə kimin təyin ediləcəyi maraqla gözlənilir. Lakin Maliyyə Nazirliyinin gələcək taleyi ilə bağlı da dövlət qurumlarında və digər strukturlarda müxtəlif versiyalar səslənməkdədir. Həmin ehtimallar arasında Azərbaycanda yaxın vaxtlarda bir neçə qurumu özündə birləşdirən yeni nazirlik və ya xidmətin yaradılması ideyasının olduğu və bu istiqamətdə işlərin görüldüyü deyilir. Yeni struktura gömrük, vergi və bir neçə digər qurumların da daxil ediləcəyi iddia edilir.
Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur.///Qafqazinfo.az