Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib.
Ucnoqta.az ölkə.az-a istinadən Muxtar Babayevin bioqrafiyasını təqdim edir:
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.
O, 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.
Muxtar Bahadur oğlu Babayev 23 aprel 2018-ci ildən ekologiya və təbii sərvətlər naziri idi.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Eks nazir həmçinin Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti vəzifəsini daşıyır.
M.Babayev bundan əlavə, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı seçilib.