2024-cü ildə dünyada təbii fəlakətlərdən dəyən ziyan 320 milyard dollar təşkil edib, təhlükəli təbiət hadisələrinin qurbanlarına sığorta ödənişləri təxminən 140 milyard dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, dünyanın ən böyük təkrarsığorta şirkətlərindən biri olan "Munich Re"nin hesabatına görə, 2024-cü il ABŞ-ın üç qasırğanın: Harvey, İrma və Mariya tərəfindən vurulduğu 2017-ci ildən bəri sığorta sənayesi üçün ən bahalı il olacaq.
Şirkətin məlumatlarına görə, 2024-cü ildə itkilərin təxminən üçdə ikisi Şimali və Mərkəzi Amerika və Karib hövzəsində baş verib.
2024-cü ilin əvvəlində ABŞ-ın Midwest və Texas ştatlarında şiddətli tufanlar və tornadolar nəticəsində itkilər təxminən 13 milyard dollara çatıb.
Aparıcı iqlim eksperti Tobias Qrimm deyir: "Fırtınalar və ya daşqınların vurduğu ziyan indi 30-50 il əvvəlkindən xeyli çoxdur, çünki yeni şəhərətrafı ərazilər, kurortlar və aktivlər yaranıb".
Artan itkilər getdikcə daha çox iqlim dəyişikliyi ilə əlaqələndirilir. Qrimm əlavə edib ki, beynəlxalq ictimaiyyət mövcud şəraitdə ilk növbədə ən həssas ölkələrə yardım göstərməlidir.
Avropa Ətraf Mühit Agentliyinin (EEA) proqnozlarına görə, qlobal istiləşmə nəticəsində Aİ ölkələri üçün illik iqtisadi itkilər 2100-cü ilə qədər 1 trilyon avronu keçə bilər və yüz minlərlə insan həddindən artıq istilərin təsirinin qurbanına çevrilə bilər.
Agentliyin mütəxəssisləri 2050-ci ilə qədər Avropada temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 3 dərəcə Selsi, əsrin sonunda isə 7 dərəcə Selsi artacağını istisna etmirlər.
2015-ci ildə İqlim Dəyişikliyi üzrə Paris Sazişi imzalanıb, ona əsasən iştirakçı ölkələr orta illik temperatur artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.///tass