"Sosial media istifadəçiləri yağış yağanda yox, bu cür mötəbər tədbirdə aktiv olmalıdır"

11:33 - 26 Oktyabr 2024 - Xəbər

"Bizlər müsbətlərimiz haqqında piar aparmalıyıq, mənfilər haqqında deyil. Bizim öhdəmizə düşən dövlətimizin hər bir uğurunun güclü təbliğatını aparmalı olduğumuz gerçəyidir".

Bunu Ucnoqta.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

O, belə hallarda birliyimizin daha çox nümayiş etdirmək lazım olduğunu vurğulayıb:

"Bildiyimiz kimi ötən günlərdə güclü yağış səbəbilə paytaxt Bakıda bir sıra problemlər yaşandı. Belə halları dünyanın hər yerində görmək mümkündür, çünki bu təbiət hadisəsidir və bundan heçkəs sığortalanmayıb. Bununla bağlı müvafiq dövlət qurumlarının necə yüksək səviyyədə səfərbər olunduğunun şahidi olduq. Düşünürəm ki, belə olduğu halda biz xalq olaraq problemlərin öhdəsindən birlikdə gəlməliyik. Hər hansısa nöqsanlarımız yarandığı halda, bunu dərhal mobil telefonlarımız vasitəsilə video görüntülər çəkərək ictimailəşdirib mənfi rəy formalaşdıraraq şər qüvvələrin əlinə bayraq verməməliyik. Çünki ölkəmiz haqqında qara piar aparmağa çalışan bəzi dövlət və təşkilatlar bundan sui-istifadə edərək, çirkin kampaniyalarını daha da gücləndirməyə çalışacaqlar. Biz sadəcə olaraq dövlətimizə güvənərək, mövcud problemlərin öhdəsindən birlikdə gəlməyi bacarmalıyıq". 

Ekspert sosial media istifadəçilərinə səslənərk COP29-la bağlı aktiv olmağa və bu mötəbər tədbir haqda daha geniş təbliğat aparmalarını tövsiyə edib.

"Ölkəmizdə keçiriləcək olan ən böyük Beynəlxalq İqlim Konfransı COP29–un azərbaycanda keçirilməsinə dair 200 ölkənin yekdil qərarı dövlətimizin siyasətinə hörmətin və dəstəyin sübutudur. Bu, ölkəmiz adına çox  böyük bir uğurdur. Amma nədənsə bu mötəbər tədbir haqqında sosial şəbəkə istifadəçiləri müsbət mənada aktivlik göstərmirlər. Elə ancaq neqativləri çəkib, paylaşıb və şərh edirlər. Buna son qoymaq lazımdır. Özümüz özümüz haqqında şər qüvvələrə mövzu verməyi dayandırmalıyıq. Bizlər müsbətlərimiz haqqında piar aparmalıyıq, mənfilər haqqında deyil. Bizim öhdəmizə düşən dövlətimizin hər bir uğurunun güclü təbliğatını aparmalı olduğumuz gerçəyidir. Çünki biz azərbaycanlıyıq, bizim güclü dövlətimiz var. Biz bunu bütün dünyaya sübut etdik. 44 günlük Vətən Müharibəsində olduğu kimi, hər bir baş vermiş mənfi və müsbət hadisədə də bir olmalıyıq. Bax o zaman dövlətimizə qarşı heç kəs məkrli planlar həyata keçirmək düşüncəsində belə ola bilməz", deyə o qeyd edib.

Xəbər xətti