Millətlər Liqasının D divizionunda çıxış edən Azərbaycan milli komandası qrup mərhələsini lider başa vuraraq bu istiqamətdə mühüm addım atıb. Lakin Maltanın son oyununun nəticəsi komandamızın mövqeyinə təsir göstərə bilər.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan millisi son turda səfərdə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edərək xallarını 8-ə çatdırıb. Beləliklə, yığmamız öz qrupunda birinci yeri təmin edib. D divizionunun digər qrupunda isə Malta 7 xalla ikinci pillədə qərarlaşıb. Bununla belə, Malta millisininqarşıda bir oyunu var.
Noyabrın 16-da Cəbəllütariq və Malta milliləri üz-üzə gələcək. Bu qarşılaşmanın nəticəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Malta qalib gələcəyi təqdirdə xallarını 10-a çatdıracaq və Azərbaycanı qabaqlayacaq. Heç-heçə olacağı halda isə hər iki komandanın 8 xalı olacaq.
Hazırda Azərbaycan və Maltanın top fərqi eynidir – hər iki komanda üçün +2. Lakin vurulan qolların sayında Malta öndədir. Ada təmsilçisi 4, Azərbaycan isə 3 qol vurub. Buna görə də Malta heç-heçə edərsə, mövcud göstəricilərə əsasən Azərbaycanı qabaqlaya bilər. Maltanın məğlubiyyəti isə millimizin mövqeyini qorumasına imkan verəcək.
Hazırkı vəziyyətdə Malta ilə Cəbəllütariq arasında keçiriləcək qarşılaşmanın nəticəsi Azərbaycan üçün əhəmiyyətlidir.
