Qazaxıstan şirkətlərindən biri Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrinin bərpasında maraqlı olduğunu bildirib.
Ucnoqta.az bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə oktyabrın 8-də keçirdiyi brifinqdə məlumat verib.
“Bilirəm ki, Qazaxıstan şirkəti Yeraskh və Axurik istiqamətlərində dəmir yollarının müəyyən hissələrinin bərpasında maraq göstərir”, – Paşinyan deyib.
O, bu açıqlamanı Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Moskvanın Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli iki dəmir yolu hissəsinin bərpası ilə bağlı təklifinə İrəvanın reaksiyasını gözlədiyi barədə sözlərini şərh edərkən verib.
Paşinyan əlavə edib ki, dəmir yolu hissələrinin bərpası ilə bağlı məsələlər gələn həftə Ermənistana səfər edəcək “Rusiya Dəmir Yolları”nın baş direktoru və idarə heyətinin sədri Oleq Belozerovla müzakirə olunacaq.
