“Baku Electronics” MMC və “ABC-Telecom” MMC (“Kontakt Home”) barəsində haqsız rəqabət halları ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 2026-cı il üzrə təsərrüfat subyektlərinin fəaliyyətində haqsız rəqabət hərəkətləri ilə bağlı həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinə dair məlumatında bildirilib.
Məlumata əsasən, “Baku Electronics” MMC barəsində “YOSHIRO” əmtəə nişanlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə yenidən baxılması yekunlaşdıqdan sonra şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və belə hallara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib, həmçinin maliyyə sanksiyası tətbiq edilib.
“ABC-Telecom” MMC (“Kontakt Home”) barəsində isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bu işə də yenidən baxılması yekunlaşıb. Nəticədə şirkətə haqsız rəqabət hallarının aradan qaldırılması və təkrarına yol verilməməsi barədə göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.
