Bakıda xidməti parklanma yerləri ilə bağlı yeni qaydaların tətbiqi sürücülər üçün bəzi suallar doğurur. Xüsusilə xidməti parklanma nişanının olduğu ərazidə avtomobilini park edən sürücünün məhz xidməti parklanma yerindən istifadə etdiyini hansı meyarların müəyyənləşdirdiyi məsələsi diqqət çəkir.
Sürücülər bildirirlər ki, bəzi hallarda “AzParking” vasitəsilə ödəniş etsələr də, sonradan cərimə ilə üzləşirlər. Bu isə parklanma sistemində məlumatların və nişanlanmanın daha aydın olması məsələsini gündəmə gətirir.
Belə bir problemlə qarşılaşan jurnalist Xalid Kazımov Ucnoqta.az-a bildirdi ki, 2 sentyabr 2026-cı il tarixində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində “AzParking” mobil tətbiqində P90046 kimi göstərilən parklanma ərazisində avtomobilini park edib.
X.Kazımov parklanmanı tətbiq üzərindən rəsmiləşdirib və saat 08:58:31-dən 10:27:59-dək davam edən parklanmaya görə balansından 2 manat tutulub.
Lakin həmin gün ona İnzibati Xətalar Məcəlləsinin 346-1.8-ci maddəsi ilə 40 manat cərimə tətbiq edilməsi barədə məlumat daxil olub. AYN2433340 nömrəli qərarda avtomobilin xidməti parklanma yerində park edilməsi əsas göstərilib.
Xalid Kazımov isə qərarla razı deyil.
Problem nişanda, yoxsa konkret parklanma yerindədir?
Jurnalistin əsas arqumenti ondan ibarətdir ki, ərazidə 5.15 yol nişanı və 7.5.8 “Xidməti parklanma yeri” lövhəciyi olsa da, avtomobilin dayandığı konkret parklanma sahəsində həmin yerin xidməti parklanma olduğunu göstərən ayrıca üfüqi nişanlama və ya digər fərqləndirici işarə olmayıb.
Nazirlər Kabinetinin qərarı nə deyir?
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin IX hissəsinə əsasən, xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə edilməklə müəyyən edilir.
Həmin normada həmçinin xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısının, onlara ayrılan yerlərin sayının və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanlarının müəyyən edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2026-cı il tarixli 172 nömrəli Qərarı ilə də müvafiq siyahı təsdiq edilib.
Amma avtomobilin park edildiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi bütövlükdə (o cümlədən inzibati qərarda qeyd olunan Landmark otel, “Azparking”də göstərilən P90046) həmin siyahıda yoxdur.
Bu isə məsələnin başqa tərəfini ortaya çıxarır: sürücünün avtomobilini park etdiyi konkret məntəqə həmin qərarın əlavəsində göstərilən ünvanlara və xidməti parklanma yerlərinə uyğun gəlirmi?
Əgər uyğun gəlirsə, həmin ünvanda neçə xidməti parklanma yerinin ayrıldığı və onların konkret yerləşmə sxeminin necə olduğu da aydınlaşdırılmalıdır.
“AzParking”də adi parklanma kimi göstərilib
Məsələdə diqqət çəkən digər məqam isə avtomobilin “AzParking” mobil tətbiqində P90046 kodlu parklanma məntəqəsində park edilməsidir.
Sürücü parklanmanı tətbiq vasitəsilə başladıb, müəyyən müddətdən sonra başa çatdırıb və bunun üçün ödəniş edib.
Bu vəziyyətdə sürücünün qarşısında haqlı olaraq belə sual yaranır: Əgər konkret sahə xidməti parklanma yeri idisə, həmin yer “AzParking” sistemində istifadəçiyə necə təqdim olunurdu?
Qeyd:Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
