Nepal–Çin sərhədində 1 km-dən çox yüksəklikdən qar-daş uçqunu baş verib
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın The New York Times qəzetinin yazdığına görə, Nepaldakı dağıdıcı daşqına səbəb olduğu ehtimal edilən qar-daş uçqunu 1 km-dən çox yüksəklikdən dərəyə düşüb.
Kanadanın Kalqari Universitetinin geoloqu Daniel Şuqarın ilkin təhlilinə əsasən, ərazidəki buzlağın bir hissəsi qoparaq 1,2 km məsafəni qət edib və 5,1 km yüksəklikdən dərənin dibinə düşüb. Təxminən 600 metr enində olan buzlaq parçasının yaratdığı dağıntı ərazisi mütəxəssis tərəfindən çox ağır partlayışın nəticəsinə bənzədilib.
Bununla belə, geoloq hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.
Daşqın çərşənbə günü səhər Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, sel Nepal-Çin sərhədində, Rasuvaqadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə baş verən qar-daş uçqunundan sonra yaranıb.
Son məlumatlara əsasən, axtarış-xilasetmə işləri zamanı 95 nəfərin meyiti aşkarlanıb, yüzlərlə insan xəsarət alıb. Çoxsaylı evlər və infrastruktur obyektləri dağılıb.
