Münaqişələr və iqlim dəyişiklikləri Panama kanalı, Reyn çayı, Qırmızı və Qara dəniz də daxil olmaqla əsas marşrutlarda dəniz və çay daşımalarının qiymətlərinin kəskin artmasına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) analitiklərə istinadən məlumat yayıb.
Qiymət agentliyi “Argus”un məlumatına görə, xüsusilə Hörmüz boğazının faktiki olaraq bağlanması, eləcə də Avropa və Latın Amerikasında uzunmüddətli quraqlıq əsas marşrutlarda tariflərin rekord həddə yüksəlməsinə səbəb olub. Qırmızı və Qara dənizlərdə Aralıq dənizinə üzən tankerlər üçün fraxt tarifləri bu həftə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Fars körfəzindən Asiyaya neft daşımalarının fraxt tarifləri ötən həftə bir barel üçün 15,22 dollara yüksəlib. Bu, “Argus”un tarifləri qiymətləndirməyə başladığı 2005-ci ildən bəri ən yüksək göstəricidir.
Asiya ölkələrindən ABŞ-ın Şərq sahillərindəki limanlara konteyner daşımaları üzrə orta spot fraxt tarifləri isə ötən illə müqayisədə 234 faiz artaraq standart 40 futluq konteyner üçün 10,2 min dolları ötüb.
FT yazır ki, Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun normadan yüksək səviyyəyə qalxması ilə xarakterizə olunan El-Ninyo təbiət hadisəsinin təsirləri Panama kanalında suyun səviyyəsinin azalmasına səbəb olub.
Bu amil və Hörmüz boğazındakı böhran fonunda tələbatın kəskin artması nəticəsində avqust ayında Panama kanalından keçid üçün gündəlik hərrac slotlarının orta qiyməti rekord həddə – 1,1-2,5 milyon dollara yüksəlib.
