Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin 12 inzibati rayonu üzrə genişmiqyaslı yol təmiri işləri həyata keçirir. Agentliyin yaydığı məlumata görə, təmir işləri ümumilikdə 110-a yaxın küçə və prospekti əhatə edir.
Ucnoqta.az xəbər verir ki, bu məqsədlə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılıb. Təmir üçün bağlanan ünvanlardan biri də Şeyx Şamil və Lermontov küçələridir.
AAYDA-nın məlumatına əsasən, avqustun 1-dən 3-dək Şeyx Şamil küçəsində (Həsən Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması planlaşdırılıb. Bu səbəbdən həmin istiqamətlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Lakin Ucnoqta.az-ın apardığı müşahidələr göstərir ki, göstərilən müddətin başa çatmasına baxmayaraq, təmir işləri yarımçıq qalıb. Küçədə köhnə asfalt örtüyü qaşınsa da, sonrakı mərhələdə hər hansı iş aparılmır.
Bundan əlavə, asfalt örtüyünün qaşınması nəticəsində yaranan toz və torpaq təmizlənmədiyindən ərazidə nəqliyyatın hərəkəti zamanı ətrafı toz bürüyür. Bu vəziyyət həm sürücülər, həm də ərazidə yaşayan sakinlər üçün narahatlıq yaradır.
QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





