Hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması təşkil edir

17:35 - 1 İyun 2020 - KİVDF

Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik müasir konstitusiya nəzarəti orqanıdır

Hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Buna görə də bu və ya digər ölkənin demokratik inkişafı üçün konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun yaradılması da zəruridir. Bu gün Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ hüquqi aktların Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında daha üstün hüquqi qüvvəyə malik akta uyğunluğunun yoxlanılmasıdır. Bu səlahiyyəti vasitəsilə məhkəmə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz.

Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Ümumiyyətlə, Konstitusiya və qanunların, habelə digər normativ hüquqi aktların şərhi konstitusiya nəzarəti orqanlarının fəaliyyətində mühüm yer tutur. Konstitusiyanın məzmununun hərfi şərhi, qanunların və digər normativ hüquqi aktların müddəalarının konstitusion mənasının izah olunması nəticəsində ifadə edilən hüquqi mövqelər bu və ya digər məsələdə qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılması da yuxarıdakı məqsədə xidmət edir.

 Qeyd edək ki, şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə xələl  gətirmədən, digər şəxslərin hüquq və azadlıqlarını yol hərəkəti ilə bağlı baş verə biləcək cinayətkar qəsdlərdən qorumağa, habelə belə cinayətlərin qarşısını almağa yönəlmiş müvafiq cinayət-hüquqi norma CM-nin 264-cü maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən CM-nin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.   

CM-nin 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcələnin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol-nəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və “Yol hərəkəti haqqında” Qanunun müvafiq müddəalarından irəli gəlir.

Bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin habelə, yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir (2-ci maddə).

“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin IV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyət vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır.

Göründüyü kimi göstərilən müddəa əsasən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslərə təcili tibbi yardım göstərmək, yol nəqliyyat hadisəsinin baş verməsi hallarını müəyyən etmək və pozulmuş yol hərəkət təhlükəsizliyini tezliklə bərpa etmək məqsədi güdür.

“Yol hərəkəti haqqında” Qanunun müddəaları yol-nəqliyyat hadisəsi iştirakçılarının hüquq və qanuni mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və yaxud ölümünə səbəb olduqda hadisə yerindən qaçmasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyətini müəyyən edərkən dövlət hər bir sürücüdən digər şəxsin hüquq və azadlıqlarına, ilk növbədə onun yaşamaq hüququna (Konstitusiyanın 27-ci maddəsi), təhlükəsiz yaşamaq hüququna (Konstitusiyanın 31-ci maddəsi) və zərərin ödənilməsini tələb etmək hüququna (Konstitusiyanın 68-ci maddəsi) hörmətlə yanaşması kimi öz konstitusiya vəzifələrini yerinə yetirməyi tələb edir.

Bunula bağlı nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Əvvəla ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi öz-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hədisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.

Tahirə
(davamı var)

Xəbər xətti