Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi” layihəsi çərçivəsində Hədəf Liseyinin Abşeron filialında maarifləndirici təlim keçirilib.
Bu barədə Ucnoqta.az-a İctimai Birlikdən məlumat verilib.
Məlumata əsasən, tədbiri məktəbin direktoru Məmməd Məmmədli açaraq uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra ictimai birliyin nümayəndəsi Şükür Əndəlifov layihə haqqında geniş məlumat verərək, onun uşaqlar arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.
Azərbaycan Texniki Universitetinin müəllimi, təlimçi Sahib Əsgərov interaktiv təqdimatla çıxış edərək uşaqlara yol nişanları, piyada keçidləri, işıqfor qaydaları və təhlükəsiz hərəkət prinsipləri barədə praktik bilgilər çatdırıb. O, yol hərəkəti mədəniyyətinin formalaşdırılmasının həm uşaqların, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçılara “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda hazırlanmış boyama kitabçaları və rəngli karandaş dəstləri hədiyyə edilib.
Məlumatda o da qeyd edilib ki, layihənin əsas məqsədi uşaqlar arasında yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırmaq, təhlükəsiz davranış vərdişlərini möhkəmləndirmək və ictimai maarifləndirməni gücləndirməkdir.