Hər kəs ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir

16:56 - 22 Aprel 2020 - KİVDF

Siyasi partiyalara büdcədən ayrılmış vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür

Azərbaycanın siyasi sisteminə də  çox partiyalıq, plyüralizm xasdır. Azərbaycan Respublikası vətəndaşlarının siyasi partiya və ya müxtəlif ictimai birliklərdə fəaliyyəti ilə bağlı hüquqları  Konstitusiyasınn 58-i maddəsində təsbit olunmuşdur. Bu maddədə qeyd olub ki, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Göründüyü kimi, bu maddədə siyasi partiya yaratmaq hüququndan da bəhs olunur. O, Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. Onun fəaliyyəti  üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Siyasi Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi isə “Siyasi partiyalar haqqında” Qanunun 17-ci maddəsində öz əksini tapıb  17-1 maddəsinə əsasən, siyasi partiyaların fəaliyyəti dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait də bu maddəyə əsasən bölünür. Bu il dövlət büdcəsində partiyalara  4 milyon manat nəzərdə tutulub.  Qeyd edək ki,  “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür (17-1.2.) 

Artıq həmin vəsaitdən siyasi partiyalara maliyyə yardımı verilməsinə başlanıb. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapan siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması qaydasına əsasən, 2020-ci il dövlət büdcəsində partiyalar üçün nəzərdə tutulan vəsaitdən parlamentdə təmsil olunan partiyalar üçün 2 aylıq - yanvar və fevral ayları üçün vəsait ayrılıb və vəsaitlər verilib. F. Quliyev deyib ki, adətən, öncədən büdcədə siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitlər hər il rübün əvvəlində 3 aylıq olaraq ödənilib. Bu il növbədənkənar parlament seçkiləri ilə əlaqədar isə 3 aylıq deyil, 2 aylıq vəsait öncədən ayrılıb: "Çünki növbədənkənar seçkilər olduğu üçün seçkilərdə həmin partiyaların nümayəndələrinin yenidən parlamentə seçilib-seçilməyəcəyi bilinmirdi. Artıq nəticələr də məlumdur. Mart ayı da ödənilib ”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də Milli Məclisdə təmsil olunan partiyalara büdcədən ayrılan vəsaitin verildiyini söyləyib: “Partiyamız parlamentdə bir nəfərlə təmsil olunur. Keçən il partiyamıza vergi ilə bir yerdə illik 117 min manat  köçürüldü.  Biz təklif edirdik ki. partiyalar vergidən azad edilsin, ancaq belə qərar qəbul edilmədi. Yeni parlament formalaşdığından  parlamentdə təmsil olunan  partiyalara düşəcək vəsait yenidən müəyyənləşdirilib”.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 12 siyasi partiya təmsil olunur. 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyası (YAP), 2 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Ana Vətən, Demokratik İslahatlar, Demokratik Maarifçilik, Sosial Demokrat, Sosial Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Vəhdət, Vətəndaş Birliyi isə Milli Məclisdə 1 nəfərlə təmsil olunur.

Bildirək ki, siyasi partiyalar isə dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.
Partiyalar illik hesabat da verməlidirlər. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.  Həmin tarixədək artıq  Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 32-si MSK-ya maliyyə hesabatı təqdim edib.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə isə Ədliyyə Nazirliyinə məlumat verib “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, siyasi partiyaların fəaliyyəti  həm də əldə etdikləri digər vəsaitlər hesabına da maliyyələşdirilir. “Siyasi partiyalar haqqında” qanunun 18-ci maddəs ilə siyasi partiyaların gəlir və xərcləri tənzimlənir. Bu maddəyə əsasən, siyasi partiyaların pul və ya pul ifadəsi olan sərvətlər şəklində əldə etdikləri vəsait onların gəliridir. Partiyanın hamılıqla qəbul olunmuş öhdəliklərdən azad edilməsi nəticəsində alınan səmərə də gəlir sayılır. Aşağıdakılar siyasi partiyaların gəlirləri sayılır: üzvlük haqları; əmlakdan götürülən gəlir; tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir; ianələr şəklində gəlir; seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait; aşağı təşkilatların ödəncləri; dövlət büdcəsindən ayrılan vəsait; borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ; hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;qalan gəlir.

Aşağıdakılar isə  siyasi partiyanın xərcləri sayılır: cari işlərə sərf olunan vəsait; siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər; ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
Bundan başqa, aşağı təşkilatlara ödənclər də xərclərə aiddir. Bura kreditlər üzrə faizlər, fərdi xərclər,; qalan xərclər daxildir.

Tahirə

Xəbər xətti