“QHT rəhbəri kimi bildirirəm ki, aparılan işlərin mahiyyəti bizi daha ümidli olmağa səsləyir”

15:34 - 17 Aprel 2020 - KİVDF

“Bu gün sağlamlıq imkanı məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir”

"Üç Nöqtə” “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova ilə hazırladığı müsahibəsində fiziki məhdudiyyətli şəxslərin vətəndaş cəmiyyəti quruculuğundakı rolu və qarşıda dayanan problemlər ətrafında maraqlı nüanslara toxunub.

“Sağlamlıq imkanı məhdud şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə bir sıra yeni hüquqi normativ aktlar qəbul edilmişdir. Sağlamlıq imkanı məhdud olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi hüquq və azadlıqlara malikdirlər. Bu gün sağlamlıq imkanı məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyaları dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.  Bunu “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova bildirib. Onun sözlərinə görə,  Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyaya qoşulmuş və bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına tərəfdar olduğunu bəyan etmişdir. “Həmin insanların bu hüquqlardan irəli gələn yardım və xidmətlərlə daha layiqli səviyyədə təmin olunması və bu hüquqların tədricən tam realizəsinə nail olunması məqsədilə qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması öhdəliyini Azərbaycan öz üzərinə götürmüşdür.

“Fiziki məhdudiyyətli vətəndaşlarımızın hamı kimi sıradan bir fərd olaraq ictimai həyatda iştirakı günün ən aktual məsələsi olmalıdır”

 “Düşünürəm ki, fiziki məhdudiyyətli vətəndaşlarımızın hamı kimi sıradan bir fərd olaraq ictimai həyatda iştirakı günün ən aktual məsələsi olmalıdır. Onların səhiyyə, təhsil, məşğulluq və inkişaf resurslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran bütün sosial maneələr aradan qaldırılmalı və bütün bunlara ictimai nəzarəti gücləndirmək üçün zaman-zaman monitorinqlər keçirilməlidir”. Bunu  sədri Gülnarə Səlimova bildirib. Onun sözlərinə görə, insanı böyüdən, insanı yaşadan onun saf əməlləri, təmiz duyğularıdır. “Tanrıya şükürlər olsun ki, cəmiyyətimiz belə saf əməl, təmiz duyğulu insanlarla doludur. Və bunu danmaq olmaz ki, cəmiyyətimizdə belə müsbət halın oturuşmasında dövlətimizin yürütdüyü siyasət və məhz bu siyasət istiqamətində “Heydər Əliyev Fondu”nun ardıcıl olaraq atdığı humanist addımlar əsas rol oynayıb. Fürsətdən istifadə edib mən elə sizin saytınız vasitəsilə həm cənab Prezidentimizə, həm Mehriban xanıma, həm Leyla Əliyevaya və ümumiyyətlə bu işdə bizlərə yardımını əsirgəməyən bütün aidiyyatı strukturlara öz təşəkkürümü bildirirəm. Ancaq mən bir QHT rəhbəri kimi tam səmimiyyətimlə bildirirəm ki, aparılan işlərin mahiyyəti bizi daha da ümidli olmağa səsləyir. Mən inanıram ki, ortalıqda olan problemlər mərhələ-mərhələ öz həllini tapacaq.

Sağlamlıq imkanı məhdud insanların cəmiyyətə adaptasiyası ilə bağlı bu gün aidiyyəti təşkilatlarla müvafiq işlər aparılmasına böyük ehtiyac var. Onların hüquqlarına hörmətlə yanaşmaq, ictimai sferada bu məqsədlə ideoloji, maarifləndirmə təbliğatının aparılması günün zəruri tədbirləri sırasındadır. Onu da qeyd edim ki, son illərdə yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması da əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,3 faiz təşkil edir”.

O bildirib ki, 2005-ci ildə “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyini yaradıb. “Bu işə ilk gələndə dünyaya, insanlara tamamilə başqa baxışlarla baxırdım. Amma məndən təxminən 14-15 yaş böyük bir dostum mənə dedi ki, Gülnarə, sənin oxuduğun kitablardakı kimi, aldığın tərbiyədəki kimi, televiziyadan izlədiklərin kimi deyil bu həyat, tamamilə başqadır.

Doğrudan da mən bu işə deyə-gülə, saf bir uşaq həvəsi ilə, yəni çox pozitiv başladım. Amma iş prosesində elə hallarla qarşılaşdım ki... Amma ruhdan düşmədim, işimi davam etdirdim. Mən deyərdim ki, mənim işgüzarlığım məhz rəhmətlik atamdan gəlib. O da iş adamı idi, çalışqan idi, işini sevən idi, bütün uğurlara öz zəhməti ilə nail olmuşdu. Anam da həmçinin. Anam həmişə bizə dərslərimizdə yardımçı olurdu, kitab oxuyurdu.

Atam da, anam da bizə Azərbaycanın tarixindən danışardılar. Millətimizi, vətənimizi, torpağımızı sevməyi, xidmət etməyi mənə valideynlərim öyrədirdilər.
Atam mənim həkim, bacımın isə müəllimə olmasənə istəyirdi. İndi bacım müəllimədir. Mən isə həkim olmasam da, işim elədir ki, elə həkim kimi sağlamlığı məhdud insanlarla məşğulam, onlarla işləyirəm, onları sağlamlıqları üçün yönləndirirəm, ən azından sağlam düşüncə verirəm. Sağlamlığını sonradan itirən insanlar var ki, çox əziyyətlər çəkirlər, aqressiv, həyatdan küskün olurlar. Allah mənə o gücü verir ki, onlara kömək edə bilirəm”.

Gülnarə Səlimova bildirib ki, hazırda vətəndaş cəmiyyətinə, insanlara töhfə verə biləcək layihələrin üzərində işləyir. “Qarşıda dəf etmək istədiyimz mərhələ var.  Yeni layihəmiz var, onunla məşğuluq. Elə fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, kollektivinə təşəkkür etmək istəyirəm. Biz artıq 8-ci dəfədir müsabiqədə qalib oluruq. Budəfəki qalibiyyətimiz də tikiş kursları ilə bağlıdır. Yaxşı haldır ki, biz bu layihəni davamlı edirik. Yəni layihənin vaxtı bitsə də, biz hesabatımızı versək də, layihəmizi hər il davam etdiririk. Keçən il əl işləri ilə bağlı idi və hazırda bu, davam edir. İndi də dərzilik kursu ilə bağlı layihədir. Maddi imkansız ailələrə və sağlamlığı məhdud olan şəxslərə biz bu sənəti öyrədirik. Mən həm də ona görə çox rahatam ki, biz kurs keçdiyimiz insanları işlə də təmin edirik. Gələcək planlara gəlincə, mən reallaşa biləcək planlar qururam və onun da arxasınca gedirəm. İmkanım daxilində, gücüm yetdiyi qədər istərdim ki, sosial durumu yaxşılaşdırım. Cənab prezidentin məqsədi də insanların sosial durumunu yaxşılaşdırmaqdır və biz bu işdə dövlətimizə hər zaman dəstək olmağa hazırıq. “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi olaraq biz də istəyirik ki, imkanımız çatan qədər sosial durumu zəif olan şəxslərə kömək olaq. Biz QHT-lər bunun üçünük, mənim fikrimcə belə də olmalıdır.

Bu gün isə “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin sədr müavini Vitali İsakovla birlikdə əlillərin, sosial şəraiti zəif olan insanların, şəhid ailələrinin işlə təmin olunmasını nəzərdə tutan bir Tikiş Fabrikinin açılışı ilə bağlı layihəni tamamlamışıq. Demək olar ki, fabrik üçün tələb olunan bütün sistem işlənib, hesablamalar aparılıb, hətta iş elanları belə verilib. Eləcə də işçi personalı, istərsə də fabrikdə istehsal olunacaq malların satışının təminatı ilə bağlı sifarişçi təşkilatlar da hazırdır.

Qeyd etməliyəm ki, tikiş fabriki ilə bağlı layihəmiz bir sıra nazirliklər tərəfindən dəstəklənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşəndə o, fabrikin açılışı ilə bağlı layihəni, onun verə biləcəyi töhfələri yüksək qiymətləndirib. Bir sözlə, layihə bəyənilib, dəstəklənib, amma  müəyyən problemlər qalıb.

Görünən odur ki, biz vətəndaş cəmiyyəti olaraq əlillərin, hətta aztəminatlı ailələrin sosial həyata adaptasiya prosesində işlər görməyə çalışırıq və müəyyən bürokratik əngəllər hələ də qalır. İctimai nəzarət məhz belə hallara qarşı gücləndirilməlidir. Biz layihəni ürəyimizlə, ruhumuzla gerçəkləşdirməyə çalışırıq.

Əlillər aciz deyil, sadəcə fiziki məhdudiyyətləri var. Əgər belə bir işi həyata keçirmək gücləri varsa, onlara əngəl törətmək əvəzinə, dəstək durmaq lazımdır və bu, bütövlükdə dövlətimizin inkişafı, çiçəklənməsi, ümumilikdə insanlığın zəfəri ola bilər...

Tahirə

Xəbər xətti