Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar

09:37 - 30 Mart 2020 - KİVDF

Rauf Zeyni: “Vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu”

İnsan və dəyərlər sistemi Vətəndaş Cəmiyyətinin əsas subyektləri kimi müasir svilizasiyanın inkişafı prosesində xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Vətəndaş Cəmiyyətinin inkişafı prosesində ictimai nəzarətin qurulması vacib faktor kimi önə çəkilir. Vətəndaş Cəmiyyətinin, ictimai nəzarət sisteminin əsas prioritetləri isə bu gün gündəmin əsas müzakirə mövzusu olaraq araşdırılır.
Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti anlayışı nə dərəcədə başa düşüləndir və bu istiqamətdə həyata keçirilən fəaliyyət növləri nə dərəcədə müasir dövrlə səsləşir və yetərlidir.
“Üç Nöqtə” Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə müsahibədə bu istiqamətdə bir çox nüanslara aydınlıq gətirib.

“Prezident həmişə deyir ki, ictimai nəzarəti gücləndirmək lazımdır ki, heç kim özbaşınalıq eləməsin”

Bəs, buu gün Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu nədir?  Bununla bağlı Rauf Zeyni bildirdi ki,  Azərbaycan özünün müstəqilliyini elan edib, nüfuzlu beynəlxalq təşkilatların - BMT və digər qurumların üzvü olandan sonra ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması prioritet elan olundu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 1997-ci il tarixdə BMT ilə əməkdaşlıq memorandumu imzalandı.  1999-cu ildə Milli QHT Forumu yarandı və  vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu. Bu baxımdan 2000-ci ildə vətəndaş cəmiyyəti, QHT-lər ictimai birliklər və fondlar haqqında qanun  qəbul olunub. Ölkədə bu gün o qanun çərçivəsində 3500-ə qədər qeyri-hökumət təşkilatları, yüzlərlə media qurumu qeydiyyata alınıb və ölkədə tam azad, şəffaf demokratik bir mühit var ki, bu da inkişafa doğru aparan yoldur. Eyni zamanda bizim müəyyən qanunlarda, qanunların icrasında, ölkə Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, məmur özbaşınalığı, qeyri-şəffaf fəaliyyət  var. Bütün bunların fonunda da cənab Prezident həmişə deyir ki, ictimai nəzarəti gücləndirmək lazımdır ki, heç kim özbaşınalıq eləməsin. Heç bir məmur öz xidməti çərçivəsindən kənara çıxmasın. Bunlar hamısı çox ciddi məsələlərdir. Ona görə də bütün ölkə üzrə bu tələbi əhatə eləmək üçün öz subyektiv yanaşmamı və həm də Milli QHT Forumu üzvlərinin fikirlərinə istinadla deyirəm ki, vətəndaş cəmiyyəti gücləndirilməlidir.

“QHT-hökumət münasibətinin yüksək səviyyəyə çatmasında QHT Forumunun öz dəsti-xətti, öz imzası var”

Bu gün dediyiniz QHT-lər, təşkilatlar vahid orqanizm, qlobal cəmiyyətin qarşılıqlı tərəfləri kimi özünü göstərə bilirir.  Onun sözlərinə görə,  elə təkcə bizim təşkilatımızda 730 ictimai birlik birləşir. Birliyin birinci nümayişi budur. İkinci 20 ildir bu Forum fəaliyyət göstərir, QHT-hökumət münasibətinin yüksək səviyyəyə çatmasında QHT Forumunun öz dəsti-xətti, öz imzası var. Hər kəs gözəl bilir ki, 1999 - 2000-ci ildə QHT deyəndə, onu antihökumət təşkilatı kimi başa düşürdülər. Amma 20 il ərzində bizim apardığımız   fəaliyyət nəticəsində  artıq QHT, Vətəndaş cəmiyyəti nədir, insanlar bunu yaxşı başa düşürlər. Əlbəttə ki, təəssüflər olsun ki, hələ bu QHT-nin, Vətəndaş Cəmiyyətinin nə olduğunu anlamayanlar da var. Bəzi məmurlar var ki, onların gözünü pul örtüb, onlar yalnız pul görürlər. Və qeyd etməliyəm ki, 1885-ci ildə, 1872-ci ildə cəmiyyətdə xeyriyyənin əsasını qoyan Həsən bəy Zərdabinin, 1875-ci ildə “Əkinçi”ni niyə yaratmasını bəzi insanlar hələ də anlamaq istəmirlər. Bəlkə də o insanlara anlayış Allah tərəfindən verilməyib. Bu da onların bədbəxtçiliyidir. Demək istəyirəm ki, vətəndaş cəmiyyəti 200 ildir başlanan maarifçilik hərəkatıdır. Böyük dahilərimiz - Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Həsən bəy Zərdabidən tutmuş, ta Cəlil Məmmədquluzadəyə qədər, Molla Nəsrədiin Hərəkatı, Əli bəy Hüseynzadə, Əhməd Ağa oğlu,  Hüseyn Cavid, Əhməd Cavad və digər böyük şəxsiyyətlərimiz böyük məktəb yaratdılar. O məktəblə də cümhuriyyət quruldu. Və təəssüf ki, o cümhuriyyət tez bir zamanda süquta uğradı, amma o ideyalar yaşadı. Müstəqillik əldə olunandan sonra biz artıq yeni, müasir bir zamanla üz-üzə dayandıq. Mənfur qonşularımız müstəqilliyimizi elan etməzdən əvvəl torpaqlarımızı işğal elədilər,  ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. 30 ildir ki, ölkəmizin büdcəsindən qaçqın və köçkünlərin həyatının yaxşılaşdırılması, eyni zamanda müharibə ilə əlaqədar olaraq hərb sahəsinə xeyli vəsait ayrılır. Bu da bizim sosial layihələrimizi, o cümlədən  vətəndaş cəmiyyətimizin inkişafına öz təsirini göstərməmiş deyil. Milyardlarla xərclər məcburi cəlb olunduğumuz müharibə ilə əlaqədar xərclənir. Bu olmasaydı Azərbaycan öz sosial problemlərini çoxdan həll etmişdi və inkişafı daha da  yüksək idi.  Nə edək ki, biz belə bir bəla ilə üz-üzəyik. İndi isə cənab Prezident büdcədən 1 milyard pulu məhz koronovirusla mübarizəyə ayırdı. Biz bu problemləri adlamalıyıq.

 Bütün hallarda düşünürəm ki, xalq, dövlət, hökumət və vətəndaş cəmiyyəti birliyi bizim apardığımız 20 illik fəaliyyət nəticəsində çox böyük nəticə verdi.  Biz əvvəl 95 təşkilatla fəaliyyətə başlamışdıq. Bu gün isə ölkəmizdə 3500 təşkilat qeydiyyata alınıb. 730 təşkilat isə Milli QHT Forumunun üzvüdür. Bu böyük göstəricidir.  Bütün regionlarda bizim vətəndaş cəmiyyətlərinin işçi qrupları, milli QHT Forumunun regional təşkilatları,  regional təbliğat, təlim mərkəzləri var. Bunlar da 20 il ərzində geniş fəaliyyət göstəriblər. Amma biz deyirik ki, bu da azdır,  biz daha böyük işlər görməliyik, qarşıda bizi daha böyük işlər gözləyir. Bunları əhatə etmək üçün dövlət, hökumət, xalq vətəndaş cəmiyyəti birliyinə çox böyük ehtiyac var.

Bəs, vətəndaş cəmiyyətlərinin fəaliyyəti hansı əsaslarla, qanunlarla tənzimlənir və hüquqları necə qorunur? Bununla bağlı Rauf Zeyni bildirdi ki,  bütün fəaliyyət Konstitusiyada nəzərdə tutulan qanunlar çərçivəsində həyata keçirilir. Konstitusiya hüququndan irəli gələrək, hər bir vətəndaşın azadlığı, toplaşma azadlığı, hüququ azadlığı, hüququ bərabərliyi var. Bütün bunlar hamısı və eyni zamanda Azərbaycan respublikasının qanunlar çərçivəsində beynəlxalq hüquq nöqteyi-nəzərdən qoşulduğu konvensiyalar daxilində qorunur. Beynəlxalq Konvensiyalar çərçivəsində də həmin bu vətəndaş cəmiyyətləri bütün ölkələrdə olduğu kimi Azərbaycanda da geniş fəaliyyət həyata keçirir. Bu baxımdan bu gün ölkəmizdə qanunla bağlı heç bir problem yoxdur, hər bir vətəndaş cəmiyyəti, təşkilatı, QHT-lər qanunlar çərçivəsində öz fəaliyyətini qurur. Burda yalnız və yalnız müəyyən bürokratik əngəllər var, məmur özbaşınalığı var, bu və ya digər qanunların icrasında cənab Prezident də dediyi kimi, müəyyən maneələr var.  Biz maneələri aradan qaldıra-qaldıra bu günə qədər gəlmişik və düşünürəm ki, zamanla mövcud problemlər də aradan qalxacaq.

Bu gün ölkəmizdə ASAN xidmət kimi bir brend var və beynəlxalq miqyasda çox böyük uğur qazanıb.  ASAN xidmətin 6 illik fəaliyyəti ərzində heç bir vətəndaş bu qurumdan şikayət etməyib. Ancaq İcra hakimiyyətlərindən, bəzi nazirliklərdən hər gün şikayət eşidilir.  Bunlar müqayisə olunmalıdır. Biz ölkədə və dünyada əldə etdiyimiz nailiyyətlərlə bütün çətinlikləri və problemləri bir tərəziyə qoymalı və gələcək fəaliyyətimizdə bunlardan nəticə çıxarıb, onları aradan qaldırmalıyıq. O zaman biz daha yüksək inkişafı təmin edə biləcəyik. Ölkə Prezidenti qeyd elədi ki, bizim idarəetmə metodları müəyyən mənada köhnəlib və biz müasir idarəetmə metodlarından daha səmərəli istifadə etməliyik.  Burada beynəlxalq təcrübədən yararlanma ideyası ortaya çıxır. Biz beynəlxalq təcrübəni daima öyrənirik və bundan ölkəmizdə həm vətəndaş cəmiyyətinin möhkəmlənməsi, həm hökumət və dövlətin inkişafı ilə bağlı səmərəli istifadə etməliyik.

Xəbər xətti