Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq müəyyən edilə bilməz

18:44 - 7 Fevral 2020 - KİVDF

İş rejimi qanunla tənzimlənir

“Sahibkarların fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur...

Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır”. Bunu “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.  Dövlət başçısının bu çıxışından sonra 8 saatlıq iş rejiminə riayət edilməsinə nəzarət gücləndirilib. Bəc, qanunvericilikdə iş rejimi necə tənzimlənir? Bu məsələ öz həllini Əmək Məcəlləsində tapıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsi ilə tam iş vaxtı və onun müddəti tənzimlənir. Bu maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman - tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsi ilə Qısaldılmış iş vaxtı tənzimlənir. Bu maddəyə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Əmək Məcəlləsinin 92-ci maddəsi ilə əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti tənzimlənir. Bu maddədə bildirilir ki, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.

Əlavə olaraq isə Əmək Məcəlləsinin 93-cü maddəsinə görə yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Natamam iş vaxtı isə Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasə tənzimlənir. Belə ki, natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın- ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

Burada bir məsələyə də toxunmaq lazımdır. Bu, iş vaxtından artıq işlə bağlıdır və o necə tənzimlənir. Əmək Məcəlləsinini 99-cu maddəsinə əsasən. İşəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi iş vaxtından artıq iş sayılır. Burda işçinin razılığı əsas götürülür. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.  Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

Göründüyü kimi iş rejimi  qanunla tam tənzimlənir.  Qalır qanuna əməl etmək. Artıq bu istiqamətdə də ciddi işlər görülməyə başlanıb. Yaradılan monitorinq qrupu da qanuna necə əməl edilməzinə nəzarət edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə deyib: "8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək". Onun sözlərinə görə, ilk növbədə, şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işəgötürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq. Nazir bildirib ki, ikinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar həyata keçiriləcək: "Hazırda təklifləri hazırlayırıq və hökumətə təklif ediləcək. Müvafiq qərardan sonra məsələ təmin ediləcək. Araşdırmalarımızın, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlıq olunacaq, işçiyə və işəgötürənə hüquq və vəzifələr izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".

Xəbər xətti