“Adicə bir xəbər yazanda da az qala ölüb-dirilirəm”

14:17 - 27 Yanvar 2020 - Müsahibə

Etibar Cəbrayıloğlu: “Jurnalistikaya bir gələn sevinir, bir də bu sahədən uzaqlaşa bilən”

Jurnalistikaya məcburən gəlməli olsa da, sonradan bu sahəni çox sevib. Deyir ki, jurnalistikaya bir gələn sevinir, bir də bu sahədən uzaqlaşa bilən. Həyatında jurnalistikanın böyük təsirləri olub: “Özü də mən bu təsirlərin daha çox müsbət tərəflərini yadda saxlamağı xoşlayıram, pisliklərdən sözün bütün mənalarında uzaq qalmağa çalışıram. Jurnalistika mənə gözəl dostlar qazandırıb, cəmiyyətdə az-çox tanıdıb. Məşhur insanlarla görüşmüşəm, onların bəziləri ilə bu münasibət sonradan ailəvi dostluğa çevrilib. Amerikadan Türkmənistana qədər müxtəlif ölkələri gəzib-görmək imkanım olub”.

“Üç nöqtə” qəzetinin növbəti qonağı tanınmış jurnalist Etibar Cəbrayıloğludur.

- Peşəyə gəliş hər kəsdə fərqli olur. Kimi öz arzusu ilə, kimi isə valideynlərinin istəyi ilə seçim edir. Bəs sizdə necə olub?
- Mənim jurnalistikaya gəlişim bir qədər fərqli olub. Belə demək mümkünsə, zorən bu sahəyə gəlmişəm. Ötən əsrin sonlarını yaşayanlar yəqin ki, xatırlayırlar, Milli Azadlıq Hərəkatı geniş vüsət almışdı, müstəqil fikirli leqal, qeyri-leqal qəzetlər çap olunmağa başlamışdı. Azərbaycan mətbuatının tarixinə özünəməxsus və şərəfli iz qoyan “Çeşmə” qəzeti qurulanda oradakı dostlar, xüsusi ilə Ayaz Əhmədov, Sakin Məmmədzadə əməkdaşlıq təklif etdi və orada çalışdım. “Çeşmə” qeyri-leqal çap olunurdu deyə, yazılarda gizli imza ilə çıxırdı. Doğulub boya-başa çatdığım Lənkəranda “Elin səsi” qəzeti fəaliyyət göstərməyə başlayanda qəzetin baş redaktoru, dostum İltifat Rəhimzadənin dəvəti ilə bu qəzetdə çalışdım və artıq öz imzamla yazılar yazdım. 1992-ci ildə artıq rəsmi qəzetdə-rayonun “Lənkəran” qəzetinə redaktor müavini təyin edildim. Həmin ərəfədə Bakıda “Press-fakt” qəzeti nəşrə başlamışdı, yeri gəlmişkən deyim ki, “Press-fakt” sadəcə bir qəzet yox, sanki bir universitet idi, 5 professor qəzetə köşə yazırdı. “Press-fakt”ın qurucuları arasında da dostlarım var idi, ilk vaxtlar bölgə müxbiri kimi kömək edirdim, sonrakı illərdə qəzetin rəhbərliyinin- Məqsəd Nurun, Vəli Əkbərin və Vidadi Qafarlının təklifi ilə Bakıya köçdüm. 

- Deyirlər ki, jurnalistika elə bir sahədir ki, bura daxil olan bir daha çıxa bilmir...
- Fikirinizlə razıyam, necə deyərlər, jurnalistikaya bir gələn sevinir, bir də bu sahədən uzaqlaşa bilən.

- Bu günə qədər əsasən hansı sahələr üzrə yazımısınız?
- Söhbətimin əvvəlində qeyd etdiyim kimi, mətbuata gəldiyim o dövrdə mürəkkəb siyasi proseslər gedirdi, oxucular da daha çox siyasi yazılar oxuyurdu. İlk vaxtlar mən də bu mövzuda yazmışam. Sonralar mədəniyyət mövzularını qələmə almağa başladım. Yəqin ki, çoxları bilmir, mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.

- Artıq 30 ildir ki, jurnalist olaraq fəaliyyət göstərirsiniz. Bu müddət ərzində jurnalistikanın həyatınıza hansı təsirləri olub?
- Sizcə bu qədər zaman insanın həyatına təsirsiz ötüşərmi? Təbii ki, çox təsiri olub. Özü də mən daha çox müsbət tərəfləri yadda saxlamağı xoşlayıram, pisliklərdən sözün bütün mənalarında uzaq qalmağa çalışıram. Jurnalistika mənə gözəl dostlar qazandırıb, cəmiyyətdə az-çox tanıdıb. Məşhur insanlarla görüşmüşəm, onların bəziləri ilə bu münasibət sonradan ailəvi dostluğa çevrilib. Amerikadan Türkmənistana qədər müxtəlif ölkələri gəzib-görmək imkanım olub. Bu gün ailəmlə övladlarımla, nəvəmlə ürək xoşluğu ilə oturduğum mənzili də məhz jurnalistikadakı fəaliyyətimə görə veriblər. Düzdür, bu mənzili almaq üçün dostum Aqil Abbas mənim yolumda əməlli-başlı döyüşüb, hətta söyüşməli də olub. Aqil bəyin bu fədakarlığını son nəfəsimə qədər unutmaram. Jurnalistika xarakterimin formalaşmasında da böyük rol oynayıb. Məşhur teleaparıcı Pozner deyir ki, jurnalistliyi öyrənmək olmur. O bir həyat tərzi, xarakterdir, o ya var, ya da yoxdur. Bu baxımdan Poznerin fikiri ilə tam razıyam.

- Ötən dövrün jurnalistikası ilə yeni dövrün jurnalistikası arasında nə kimi fərqlər görürsünüz?
- Bizim dövrdə jurnalistika daha dinamik və daha maraqlı idi. Bu qədər bəlli səbəblərdən çox da dərinə getmək istəməzdim.

- İlk müsahibə adətən unudulmur. Bəs siz ilk müsahibənizi xatırlayırsınızmı?
- Sözün düzü, indi ilk müsahibimin məhz kim olduğunu xatırlamıram. Bildiyim odur ki, bu ötən əsrdə olub. Amma ümumi götürəndə maraqlı müsahiblərim çox olub. Elə sənət adamları var ki, onlar haqqında ilk dəfə məhz mən yazmışam, onlar bu gün çox tanınmış, dövlət təltifləri almış insanlardır. Sağ olsunlar ki, həmişə mənə hörmətlə yanaşırlar.

- Jurnalistlər adətən müsahibə alırlar. Bu dəfə isə müsahibə verirsiniz. Bəs hansı daha çətindir, müsahibə almaq, yoxsa vermək?
- Əslində hər ikisinin öz çətinliyi var. Fərq başqa bir məsələdədir. Tutaq ki, mənm jurnalist kimi kimdənsə müsahibə alıram və həmsöhbətim maraqsız, rabitəsiz danışsa da yazı üzərində çalışanda onu redaktə edirəm və çalışram oxucu bunu hiss etməsin. Amma özüm müsahibə verən zaman maraqsız, rabitəsiz danışıram, dəqiq arxayın deyirəm ki, fikirlərim keyfiyyətli redaktə olunacaq.

- Jurnalistin demək olar ki, qələmə aldığı hər bir yazı onun üçün doğmadır. Bəs sizin ən çox sevdiyiniz yazınız hansı olub?
- Sualınızın birinci cümləsində deyildiyi kimi, hər bir yazı doğmadır. Mən adicə bir xəbər yazanda da az qala ölüb-dirilirəm, çalışıram sözlər bir-birinə qardaş kimi doğma olsunlar. Xalq şairi Osman Sarıvəlli demişkən, söz var sözün qardaşıdır, söz var sözün əmisioğlu. Özünüz də  yaxşı bilirsiniz ki, qardaşla əmioğlunun arasında fərq var.

- Jurnalistikaya başlayanda insana kömək edən, bu sahənin sirlərini öyrədən kimlərsə olur. Bu sahədə sizə dəstəkçi kimlər olub, o sirləri kimdən öyrənmisiniz?
- Bayaq xatırlatdığım kimi, ali təhsili fərqli sahə üzrə almışam, jurnalistikanın sirlərini belə demək mümkünsə işin gedişində öyrənmişəm. Bu illər ərzində çiyin-çiyinə çalışdığım istedadlı redaktorlardan, həmkarlarımdan çox şeylər öyrənmişəm. Zeynal Məmmədlinin, İradə Tuncayın, Məqsəd Nurun, Vəli Əkbərin, Vidadi Qafarlının, Nəsib İsmayılovun, Qalib İbrahimoğlunun, Qabil Abbasoğlunun, Şahin Cəfərlinin, Şirzad Məmmədlinin, Azər Hüseynbalanın, Azər Qaraçənlinin, Gündüz Tahirlinin, Müsəllim Həsənovun, Adil Qaçayoğlunun, Məmməd Süleymanovun, Əziz Rzabəylinin, Vəfa Allahverdiyevanın, Afaq Vasifqızının, Laura Cəbrayıllının, Seymur Elsevərin, Seymur Verdizadənin, Faiq Novruzovun, Məzahir Əhmədzadənin, Hidayət Elvüsalın, Oqtay Salamovun adlarını böyük sevgi və ehtiramla çəkə bilərəm. Elə peşəkar jurnalistlər də var ki, onlarla bir gün də eyni redaksiyada çalışmasam də hər zaman onlardan öyrənmişəm. Şakir Yaqubov, Məmməd Nazimoğlu, Loğman Rəşidzadə, Yaşar Əliyev. Yusif Rzayev, Adil Canıyev, Hikmət Sabiroğlu, Zöhrab Əmirxanlı, Qulu Ağsəs mənim üçün belə örnəklərdəndir. Bəzi istedadsız jurnalistlərdən isə onlar kimi  yazmamağı öyrənmişəm. Etika xətrinə onların uzun bir siyahısını sadalamaq istəmirəm.

- İllərin təcrübəli jurnalisti kimi bu günün jurnalistikası sizi qane edirmi?
- Bundan əvvəlki sualda buna qismən də olsa cavab verdim. Konkretləşdirməli olsam gərək deyim ki, çox şeylər qane etmir.

- Uzun müddətdir bu sahədə çalışırsınız. Heç sahənizi dəyişmək barədə düşünmüsünüzmü?
- Tam səmimi deyim ki, jurnalistikanı həddindən artıq sevmişəm, eyni zamanda təqaüdə bu sahədən çıxmaq barədə heç vaxt düşünməmişəm. Göründüyü kimi, hər şey plan üzrə gedir, artıq rəsmi olaraq başqa bir sahədə çalışıram, yazmaq artıq mənim üçün xobbiyə çevrilməkdədir. Həm də nisbətən kənara çəkilməyim jurnalistikanın bugünki durumuna bir etirazımdır...

Könül Oruc

Xəbər xətti