Uşaqların fiziki və mənəvi inkişafı

18:04 - 6 Noyabr 2019 - KİVDF

Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ulu öndərimiz tərəfindən bu istiqamətdə uğurla həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi isqtiqamətində mühüm işlərə imza atıb. Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, uşaqların mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Vasif Ramazanov deyir ki, gənc nəslin hərtərəfli inkişafında fiziki tərbiyənin vacib rolu olduğu şübhəsizdir: “Fiziki tərbiyənin təməlləri ailədə qoyulur. Belə ki, bəzi valideynlər övladlarının fiziki tərbiyəsi ilə heç maraqlanmır, bəziləri isə onları hansısa idman bölməsinə yazdırmaqla öz üzərilərinə düşən vəzifənin bitdiyini hesab edirlər. Əslində isə, dünyaya yeni gələn körpənin ilk gündən sağlamlığı onun fiziki tərbiyəsinin düzgün təşkili ilə birbaşa bağlıdır. Övladlarının sağlam gələcəyini təmin etmələri üçün, valideynlər onların yaş dövrlərinə uyğun inkişaf mərhələlərini və bu zaman lazım olan prosedurları bilməlidirlər”.

Müsahibimizin sözlərinə görə, ilkin körpəlik dövrü 1 yaşa qədər davam edir. Bu yaş dövründə fiziki tərbiyənin əsas vasitələrindən təbii qüvvələrlə, yəni su, hava, günəşlə yanaşı, gigiyenik amillərdən istifadə olunur: “Məqsəd körpənin xarici təsirlərinə qarşı müqavimətinin artırılmasıdır. Erkən uşaqlıq (1- 3 yaş) dövründə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. Bağça yaşı (3 yaşdan 5-6 yaşa qədər) dövründə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait yaranır. Uşağın fiziki inkişafı  diqqəti cəlb edir. Boy və çəkidə nəzərə çarpacaq dəyişikliklər baş verir, əzələ və sümük sistemi xeyli inkişaf edir, lakin onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaqlar qalır. Uşağın skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Bu zaman lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir. Ona görə də əsasən sadə  fiziki hərəkətlərdən istifadə olunur”.

V.Ramazanov qeyd edir ki, növbəti mərhələ məktəbəqədər təhsil dövrüdür: “Uşaqların bu dövründə fiziki tərbiyənin ümumi məsələləri, sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişafın hərtərəfli təmini kimi konkretləşdirilir və öz növbəsində bir sıra xüsusiyyətləri nəzərə alır. Ətraf mühitin təsirinə qarşı orqanizmin müqavimətinin artması, dayaq-hərəkət aparatının möhkəmlənməsi, qamətin formalaşması, vegetativ orqanların funkisional imkanlarının yüksəldilməsi mühüm məsələlərdəndir”.

Müəllim vurğlayır ki, məktəbəqədər dövrü məktəb dövrü əvəz edir. Respublikamızda ibtidai məktəb yaşından başlayaraq fiziki tərbiyə fənni tədris olunur: “Orta ümutəhsil məktəblərində həftədə 2 saat olmaqla fiziki tərbiyə dərsləri tədris olunur. Bundan əlavə, məktəblərdə sinifdənxaric, məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də nəzərdə tutulub ki, məktəblilər idman bölmələrində, müxtəlif növ yarışlarda, kütləvi idman tədbirlərində fəal iştirak etsinlər. Məktəbdə aparılan fiziki tərbiyə tədbirləri uşaq və yeniyetmələrin gələcəkdə sağlam və güclü olmasına zəmin yaratmalı və onlara VMH (Vətənin Müdafiəsinə Hazıram) kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərməli, onların fiziki və mənəvi cəhətdən inkişaf etməsində yardımçı olmalıdır. Məktəblərdə bu işlər fiziki tərbiyə proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri vardır. Proqram üzrə tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla tədris olunur”.

V.Ramazanovun dediklərinə görə, orta ümumtəhsil səviyyəsində fiziki tərbiyənin tədris olunmasının əsas məqsədi məktəblilərin harmonik fiziki inkişafının, hərəki qabiliyyətlərinin, hərəki mədəniyyət və mənəvi-iradi xüsusiyyətlərinin planlı şəkildə formalaşdırılmasının təmin edil­məsidir: “Bu təhsil mərhələsində idraki, fiziki, mədəni, psixomotor inkişafın həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ məktəblilərin fiziki və mənəvi inkişafı ilə əlaqədar fərqli səciyyəvi xüsusiyyətlərə malikdir. Sağlamlığın möhkəmləndirilməsi, hərəkətlər və onların təyinatı, idman növləri, icra üsulları, hərəki qabiliyyətlər, metodlar haqqında biliklərin mənimsənilməsi, hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi, müxtəlif  idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi, ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi və əlverişli icra üsullarına yiyələnmə, bu növlərdə zəruri fiziki hazırlığın təmin edilməsi mühümdür. Həmçinin hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması, mənəvi-iradi xüsusiyyətlərin  formalaşdırılması, şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən quruluşunun formalaşmasında şəxsi məsuliyyət  hissinin yaradılması, fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşılanması uşaqların inkişafı üçün vacib amillərdəndir.

Müsahibimizin sözlərinə görə, ümumtəhsil məktəblərində fiziki tərbiyənin tədrisinin məqsədi və vəzifələri böyüyən nəslin sağlamlığını, fiziki hazırlığını özündə ehtiva etdiyi üçün, strateji əhəmiyyətə malik sahələrdən biridir: “Məktəblərdə fiziki tərbiyənin əhəmiyyəti, cəmiyyətdə insanın harmonik fiziki inkişafını təmin etmək, mənəvi-iradi dayanıqlığını formalaşdırmaq kimi müstəsna əhəmiyyətə malikdir və beş xarakterik vəzifələri vardır. Bu xarakaterik vəzifələrə tərbiyəvi, sağlamlaşdırıcı və inkişafetdirici, maarifləndici, tətbiqi, reabilitasiya daxildir. Uşaqların sağlam və tərbiyəvi şəkildə inkişaf edib cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

V.Ramazanov özü də müəllim olaraq uşaqların fiziki inkişafı və sağlamlığı üçün bir çox işlər görür. Deyir ki, yeni tədris ilindən, yəni 2019-cu sentyabr ayından etibarən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında pedaqoji fəaliyyətimə davam etdirir: “Bundan əvvəl çalışdığım Sumqayıt şəhər İnternat tipli gimnaziyada, şagirdlərin fiziki cəhətdən sağlam böyümələri üçün müxtəlif idman yarışları və hərbi-idman tədbirlərini təşkil edib həyata keçirirdik.  Bu yarış və tədbirlərlə yanaşı, məktəbimiz eTwinning beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində “Healthy life - Sağlam həyat” layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində tədris ili ərzində, aylar üzrə müxtəlif tədbirlər həyata keçiriləcəkdir. Bu tədbirlərə fiziki tərbiyə və idmanın təşviq edilməsi, zərərli qidalar haqda məlumatların verilməsi, zərərli vərdişlərin tərk edilməsi yönündə təbliğatın aparılması və s. aiddir. Təbii ki uşaqların zərərli qida və vərdişlərdən uzaqlaşdırılması onların sağlamlığı iqstiqamətində görülmüş mühüm işlərdən biridir. Ən əsası isə müəllim kimi öz şagird və tələbələrimə, valideyn kimi isə öz övladlarıma şəxsi nümunə göstərməyə çalışıram”.

Göründüyü kimi bu gün uşaqların fiziki və mənəvi inkişafı üçün ölkəmizdə mühüm işlər görülür, lazımi addımlar atılır. Ona görə də artıq əminliklə deyə bilərik ki, uşaqlarımızın və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi sağlam şəkildə böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb.

Könül Oruc

Xəbər xətti