“İnam hissi olmadan hədəfə çatmaq çətindir”

12:09 - 9 Sentyabr 2019 - Müsahibə

İbayeva Nəsrin: “Atamın arzularını bu gün mən davam etdirirəm”

Hər il ölkəmizdə yüzlərlə gənclərimiz qəbul imtahanlarında yüksək nəticə göstərərək həm valideynlərinin, həm müəllimlərinin, həm məktəblərinin, həm də doğulub boya-başa çatdıqları yerin qürur mənbəyinə çevrilir. Bu il qəbul imtahanlarında Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 14 şagirdi 640 baldan yuxarı, 12 şagirdi 600 baldan yuxarı, 5 şagirdi 500 baldan yuxarı nəticə göstərib.

Bu cür yüksək nəticə göstərən abituriyentlərdən biri də 675,8 bal toplayan İbayeva Nəsrin Ağamməd qızıdır. Nəsrin deyir ki, bu nəticəyə inam hissi və çox oxumaqla nail olub: “İnam hissi olmadan hədəfə çatmaq çətindir. Daxildən gələn intuativ hislə yüksək nəticə əldə edəcəyimə əmin idim. Məsuliyyətin doğurduğu qorxu hissi də məni tərk etmirdi. Bəlkə buna görə adi bir səhv nəticəsində yay qəbul imtahanlarında 397 bal topladım. Amma buna baxmayaraq qəbul imtahanında bütün var gücümlə çalışdım və bu nəticəni əldə elədim”.

“Üç nöqtə” qəzetinin qonağı qəbul imtahanında yüksək nəticə göstərərək 675,8 bal toplayan İbayeva Nəsrindir.

- İlk  olaraq özün haqqında məlumat ver, oxucularımız səni yaxından tanısın.
- Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuşam. İbtidai təhsilimi kənd məktəbimizdə almışam. 7-ci sinifdən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oxumuşam.  Kompleksi fərqlənmə attestatı ilə bitirmişəm.
Qəbul imtahanlarında 3-cü qrup üzrə 675,8 bal toplamışam. Müəllim ailəsində kitablar arasında böyümüşəm. Evimizdə hər zaman kitaba böyük dəyər verilib. Yəni mən valideynlərimdən belə görmüşəm. Maraqlı bədii əsərlər, kitablar axtarıb tapıram. Boş vaxtlarımda mütaliə etməyi xoşlayıram.

- Qəbul imtahanlarında bu nəticəni əldə edəcəyinə əmin idin?
- Mənim fikrimcə, inam hissi olmadan hədəfə çatmaq çətindir. Daxildən gələn intuativ hislə yüksək nəticə əldə edəcəyimə əmin idim. Məsuliyyətin doğurduğu qorxu hissi də məni tərk etmirdi. Bəlkə buna görə adi bir səhv nəticəsində yay qəbul imtahanlarında 397 bal topladım. Amma buna baxmayaraq qəbul imtahanında bütün var gücümlə çalışdım və bu nəticəni əldə elədim.

-İmtahanda yüksək bal toplamaq üçün nə etmək lazımdır?
 - Bu suala ənənəvi cavab vermək istəyirəm, istedad, üstə gəl zəhmət. Zəhmətsiz nəyəsə nail olmaq qeyri-mümkündür. Dahi şairimiz Nizami Gəncəvinin misralarını xatırlamaq istərdim. “Çox ağır başlar yatan oldular, Axırda saxsı qab satan oldular”.

Məndən böyük bacım və qardaşım var. Liseydə oxuyarkən onların ali məktəbə hazırlaşmaq təcrübəsi də köməyimə çatdı. Nəsə lazım olanda, yaxud çətinliyim olanda onlarla məsləhətləşir, fikirlərini öyrənirdim. Sağ olsunlar, onlar da mənə hər zaman dəstək olublar. Ümumiyyətlə, düşünürəm ki, yüksək nəticə nümayiş etdirmək üçün ailənin övlada dəstəyi vacibdir. Və mən də ailəmdən bu dəstəyi hər zaman görmüşəm.

- Hansı universiteti seçmisən?
 - Seçimimin Bakı Dövlət Universiteti oldu. Çünki BDU mənim uşaqlıq xəyallarımda arzuladığım təhsil müəssisəsi di. Hüquq fakültəsini ingilis dilində oxuyacam inşallah. Çox böyük səbrsizliklə dərslərin açılmasını gözləyirəm.

- Niyə məhz ingilis dilində hüquq fakültəsi?
- Atam hüquqşünas olmaq istəyib. Lakin o, orta məktəbi qurtardığı il (1976-cı il ) ali məktəblərin hüquq fakültəsinə sənəd qəbuluna məhdudiyyət qoyulub. Taleh onu pedaqoji sahəyə yönəldib. Görünür onun söhbətləri, ailəmizdə təsirsiz ötüşməyib.
Atamın arzularını bu gün mən gerçəkləşdirirəm. Qardaşım bu il Polis Akademiyasını bitirib. Mən də hüquq fakültəsi üzərində dayandım. İngilis dilində oxumaq, magistratura təhsilimi xaricdə davam etdirmək istəyi BDU-nu seçməyimə səbəb oldu.
Bu gün insanlarımızın çoxu öz hüquqlarından necə deyərlər, xəbərsizdirlər. İstəyirəm ki, insanlar öz hüquqlarını bilsinlər. Bunun üçün də əlimdən nə gəlirsə edəcəm.

- Ehtiyat etdiyiniz hər hansı bir fənn var idi?
- Məntiqi xoşlasam da, etiraf edim ki, riyaziyyat dərslərindən qorxmuşam. Çətinlik çəkdiyim məsələ və misallara üstün gəlmək inadı qətiyyətimi artırıb, qorxu hissimi azaldıb. Bununla belə, ən zəif nəticəm yenə də riyaziyyat fənninin payına düşdü. Ümumiyyətlə, humanitar fənlərə yönümlü olan insanlarda həmişə riyaziyyata maraq nisbətən az olur.

- Özündən sonrakı hazırlaşan abituriyentlərə nə məsləhət verərdin? Necə etsinlər ki , effektiv bal yığsınlar?
- Öyrənmək, öyrənmək, yenə də öyrənmək. Bir də vaxtın, zamanın qədrin bilmək. Çünki ən vacib məsələlərdən biri zamanını düzgün bölmək və gününü planlamaqdır. Zamanı düzgün böləndə artıq nəyi nə vaxt edəcəyini planlaşdırırsan və boş vaxtın çox qalmır. Boş vaxtım olanda isə bunu lazımlı və dəyərli şeylərə sərf edirdim.

- Misal üçün, boş vaxtlarını nələrə sərf edirdin?
- Musiqini xoşlayıram. Yorğun anlarımda musiqi dinləyirdim. Əzbər öyrəndiyim poetik nümunələr də az deyil. Bəxtiyar Vahabzadə , Məmməd Araz və Nəbi Xəzrinin kitabları dərsliklərimlə yanaşı olub. Poeziya əhval-ruhiyyəmə həmişə əlvanlıq gətirib. Bu gün də onların təsiri altındayam.

- Bu gün bir çox abituriyentlər dərsləri çox olsa da internetdə , sosial şəbəkələrdə çox vaxt keçirir. Bəs necə bunlara vaxt ayırırdın?
- İnternetdən istifadə etmişəm. O da az miqdarda və lazım olan şeylər üçün. Sosial şəbəkələrə vaxt ayırmaq imkanım olmayıb. Heç ümumiyyətlə bunun vacibliyini də hiss etməmişəm. Düşünürəm ki, sosial şəbəkələrə sərf olunan vaxt itkiyə gedir.
Bunun əvəzinə hər hansı kitab oxusam, yaxud musiqi dinləsəm daha faydalı olar və yorğun beyin dincələr. Sosial şəbəkələr isə elədir ki, insanı daha çox yorur və fikrinin dağılmağına səbəb olur.

- Valideynlərin necə, sənə dəstək göstərirdimi?
- Atam və anamın ən böyük arzusu övladlarını cəmiyyətimizə layiq vətəndaşlar kimi böyütməkdir. Həmişə tərbiyə və təhsilin vəhdətdə vacibliyini bizə aşılayırlar. Böyük qardaşım ali təhsilli həkimdir. Hal-hazırda Türkiyədə təhsilini davam etdirir.
Kiçik qardaşım Polis Akademiyasını bu il bitirib. İki bacım ali təhsilli müəllimdir. Pedaqoji sahədə çalışırlar.

Ətrafımdakıları dərk etməyə başlayandan valideynlərimin bizim üçün narahatlıqları büruzə verməsəm də, daxilimdəki məhəbbət hissini anbaan artırıb. Valideynlərim hər zaman mənə də, bacı-qardaşlarıma da dəstək olublar. Onların qayğısını həmişə üzərimizdə hiss etmişik. Onlara nə qədər təşəkkür etsək də azdır. Allah bütün valideynlərə can sağlığı versin.

- Bu nəticəni özündən gözləyirdin?
- Hədəfim 700 bal idi. Müəllimlərim və yaxınlarım da məndən bunu gözləyirdilər. Deməyi özümə borc bilirəm ki, müəllimlərim də məni  valideynlərim qədər ruhlandırırdılar. Buraxılış imtahanını ikinci dəfə vermək mümkün olsaydı, nəticəm daha yüksək olardı.

- Qəbul imtahanı necə keçdi, imtahan zamanı həyəcanın vardı? 
- Qəbul imtahanı çox yüksək səviyyədə keçdi. Çünki imtahan zamanı nəzarət güclü idi. Sınaqlarda çox iştirak etmişəm. Ölkənin müxtəlif şəhərlərində olmuşam. Respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısı olmuşam. Mükafatdan məni cəmi bir neçə bal ayırıb. Bununla belə həyəcan var idi. Bu, təbiidir, hamıda olur.

- Bəs bu həyəcanı necə aşa bildin?
- Sual kitabçasına baxana qədər həyəcan keçirdim. Sonra hər şey yaddan çıxdı. Fikrimi hər zaman olduğu kimi suallara yönəltməyi bacardım. Məndə həmişə belə olub. Çünki sual kitabçası gəlib çıxana qədər gözləyəndə insanın ağlına müxtəlif şeylər gəlir, sanki qorxu, həyəcan adamı basır. Sualların necə olacağını, asan, yaxud çətin olacağını düşünürsən. Lakin sual kitabçası gələndən sonra başın suallara və onları cavablandırmağa qarışır və bir də baxırsan ki, artıq imtahan vaxtı bitmək üzrədir.

Nəticəmi öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Sevincimi ilk öncə ailəmlə, daha sonra isə üzərimdə əməyi keçən müəllimlərim və yaxınlarımla bölüşdüm.

- Gələcəyə dair planların nələrdir?
- Yaxın günlərdə tələbə həyatı başlayır. Uzaq xəyalların bünövrəsinin qoyulacağı illəri neçə keçirəcəyim haqqında düşünürəm. Hər gün dəyişən, yeniləşən həyatda özümü təsdiqə çalışacağam. Bu istəklərin axarında təhsilimi xarici ölkələrin birində davam etdirəcəm inşallah.

P.S: Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. İbayeva Nəsrinin də adı Prezident təqaüdü alacaq tələbələr sırasındadır.

Könül Oruc


Xəbər xətti