Uşaqların ziyanlı informasiyalardan qorunması

11:13 - 2 Sentyabr 2019 - KİVDF

Leyla Bədəlova: “Telekommunikasiya haqqında” qanunun qəbulu uşaqların sosial, mənəvi və psixoloji cəhətdən müsbət yöndə inkişaf etməsində mühüm rol oynayacaqdır”
Dilşad Musa: “Uşaqların mənəvi inkişafı üçün onları vətənpərvər ruhda böyütmək, onlara vətənpərvərlik hisslərini aşılamaq lazımdır”
Kamran Əsədov: “Uşaqlar arasında xoşagəlməz hadisələrin aradan qaldırılması və onların fiziki inkişafı üçün onları kütləvi şəkildə idmana cəlb edilməsi vacibdir”

Hər bir dövlətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Buna görə də onların düzgün tərbiyə olunması, fiziki və mənəvi cəhətdən düzgün inkişaf etməsi, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması vacib amillərdən biridir.  Onları qorumaq, hüquqlarını müdafiə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifələrindən biridir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir: “Buna görə hətta “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul olunub. Amma buna baxmayaraq uşaqların zərərli informasiyadan qorunması tədbirləri yetərincə deyil. Demək olar ki. uşaqlar hər addım başı zərərli, yaş hədlərinə və psixologiyalarına uyğun olmayan informasiyalar ilə qarşılaşırlar.

Son illərdə informasiyanın, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi və onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinlikləri də ortaya çıxır. Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduğu halda, informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır”. 

Təhsil eksperti hesab edir ki, uşaqlar arasında xoşagəlməz hadisələrin aradan qaldırılması və onların fiziki inkişafı üçün onları kütləvi şəkildə idmana cəlb edilməsi vacibdir: “Hazırda regionlarda müasir standartlara uyğun, hər cür avadanlıqlarla təchiz edilmiş milli olimpiya mərkəzləri, idman məktəbləri, sağlamlıq ocaqları inşa olunmuşdur. Bundan düzgün şəkildə istifadə etmək lazımdır”.   

K.Əsədovun sözlərinə görə, bu gün uşaqların zərərli informasiya almasında təkcə televiziya və internet rol oynamır, eyni zamanda kitablar, ədəbiyyatın da rolu danılmazdır: “Hesab edirəm ki, istər satış üçün, istər kütləvi kitabxanalarda ədəbi əsərlərin yaşa görə uyğunluğuna ciddi fikir vermək və riayət etmək lazımdır. Təəssüf ki, bir çox hallarda azyaşlı uşaqlar böyüklərə aid ədəbiyyatı oxuyur, istifadə edir. Bu məsələdə məktəbdə müəllimlər, evdə valideynlər ciddi şəkildə uşaqlara nəzarət etməlidirlər.

Düzdür, onsuz da kitab satışı yerlərinin sayı, kitab oxuyanların sayı azdır, amma imkan vermək olmaz ki, psixoloji, ideoloji, mənəvi zərərli olan ədəbiyyat istifadə olunsun. Hətta bəzi televiziyalarda səhər saatlarında əxlaqa zidd olan filmlər nümayiş etdirilir, uşaq cizgi filmlərində uşaqların yaş həddinə uyğun olmayan ifadələr və görüntülər verilir. Düşünürəm ki, uşaqlar üçün bəzi filmlərdə və proqramlarda olduğu kimi müəyyən qadağalar tətbiq olunmalıdır.

Əgər valideynlər övladlarına mobil telefonlar, planşetlər alıb verirlərsə, onlara qadağan edici və məhdudlaşdırıcı proqramlar yükləməlidirlər. Çünki azyaşlı şagirdlər mobil telefon və planşetlərdən istifadə edərək pornoqrafik saytlara daxil olurlar ki, bu da sonradan təhlükəli fəsadların törənməsinə zəmin yaradır və uşaqların mənəvi inkişafına zərbə vurur”.

Ekspertin fikrincə, 15 il əvvəlki uşaqlarla müqayisədə indiki uşaqlar daha çox şey bilirlər. Uşaqlar az qala dil açan kimi artıq telefonla rəftar etməyi, internet səhifələrinə daxil olmağı bacarırlar: “Ona görə onlara qadağa qoymaq da mümkün deyil. Çap kitablarında onlara qadağa qoymaq olar, ancaq elektron oxu zamanı onlara qadağa qoymaq mümkün deyil. Bunu ancaq valideynlər özləri edə bilərlər. Bunlarla yanaşı, təklif edirəm ki, orta məktəblərin 200 metr yaxınlığında heç bir çayxana, internet klub, səs-küylü restoran fəaliyyət göstərməsin. Müvafiq qurumlar buna nəzarət etsinlər. Çünki, qeyd etdiyim iaşə obyektləri şagirdlərin mənəviyyatının pozulmasına təsir göstərir”. 

K.Əsədov hesab edir ki, Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılmalıdır: “Təklif edirəm ki, operatorlar və provayderlər  uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir. Əxlaqa, mənəviyyata zidd olan saytlara, portallara giriş məhdudlaşdırılmalıdır”.

Sumaqayıt Asan Vəkil bürosunun direktoru vəkil Leyla Bədəlova  deyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar: “Azərbaycanda uşaq hüquqları Azərbaycan Respublikası Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, “Uşaq Hüquqları haqqında” Konvensiya və digər qanunvericilik aktları ilə tənzimlənir”.

Vəkilin sözlərinə görə, uşaq hüquqlarından danışarkən yan keçə bilmədiyimiz əsas mövzu da uşaqların zərərli informasiyalardan qorunmasıdır: ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Həmin qanun 30 oktyabr 2018-ci ildə qəbul olunub və 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri - uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.

Qanuna əsasən informasiya məhsulunun işarələnərək məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun  işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir”.
Vəkil bildirir ki, telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər: “Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir.

İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır. Hesab edirəm ki, Qanunun qəbul edilməsi və  icrası gələcəyimizin önəmli bir parçası olan uşaqların cəmiyyətdə yararlı bir fərd kimi yetişməsində, onların sosial, mənəvi və psixoloji cəhətdən müsbət yöndə inkişaf etməsində mühüm rol oynayacqdır”. 

“Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa deyir ki, uşaqları ziyanlı informasiyalardan qorumaq və onların sağlam ruhda böyüməsi və inkişaf etməsi üçün məktəb və bağçalar öz üzərinə düşən vəzifəni müəyyən qədər yerinə yetirirlər: “İstər dövlət, istərsə də özəl bağça və məktəblərə gedən uşaqlar dərsə gedən zaman telefon və planşetdən uzaq dururlar. Dərs müddətində uşaq dərsə cavab versə də, verməsə də ən azından bu cür ziyanlı informasiyalardan uzaq durmuş olur. Yaxud məktəb və bağçalarda ə l işlərindən nəsə hazırlayırlar, şeir, rəqs öyrənirlər, idman edirlər.

Bu da onlarda mənəvi keyfiyyətlərin formalaşmasına və sağlam böyümələrinə yardımçı olur. Uşaq evin tərbiyəsini bağçaya da, məktəbə də daşıyır. Həmçinin məktəbdə, bağçada və ətrafda öyrəndiklərini də evə gətirir. Uşaqların mənəvi inkişafı üçün onları vətənpərvər ruhda böyütmək, onlara vətənpərvərlik hisslərini aşılamaq lazımdır. Əgər biz bunu uşaqlarımıza kiçik yaşlarından öyrədəriksə, onlar gələcəkdə millətinə, xalqına, vətəninə layiqli şəxsiyyət kimi formalaşacaqdır. Bildiyimiz kimi, bütün məktəb və bağçalarda idman saatları olur. İdman etmək nəinki uşaqların, hətta böyüklərin də sağlamlığı üçün ən vacib amillərdən biridir.

Ziyanlı informasiyalar uşaqların mənəvi və fiziki inkişafına çox böyük təsir göstərir. Əgər uşaq ziyanlı informasiyalar eşidirsə, bu o deməkdir ki, onun beyni özündən asılı olmayaraq ancaq ziyanlı tərəfə işləyir. Ona görə də həm valideynlər, həm də məktəb və bağçalar bu istiqamətdə vacib işlər görməlidir. Uşaqlarımız vətənpərvər ruhda şeirlər, kitablar oxumalıdır. Bunu həm valideynlər, həm də müəllimlər uşaqlara aşılamalıdırlar”.

D.Musa qeyd edir ki, uşaqları ziyanlı informasiyalardan qorumaq üçün ilk növbədə onları internetdən və telefondan uzaq tutmaq lazımdır. Düzdür, bəzi valideynlər işlədiklərinə görə, uşaqları ilə əlaqə saxlamaq üçün onlara telefon vermək məcburiyyətində qalırlar. Amma uşağın bahalı telefon işlətməsi elə də vacib deyil. Sadəcə əlaqə saxlamaq üçün zəng gedib-gələn telefon olsa yetərlidir: “Təbii ki bütün ailələrdə kompüter var, uşaqları bunlardan tamamilə uzaq tutmaq mümkün deyil.

Amma uşaqlara əvvəlcədən nəyə baxmağı və nəyə baxmamağı  başa salmalıdırlar. Kompüterin tarixçə hissəsinə valideyn xüsusi nəzarət etməlidir ki, uşağın nələrə baxdığını bilsin. Valideynlər çalışmalıdır ki, uşaqların sevimli məşğuliyyəti olsun, yaxud övladlarını hər hansı bir maraqlı kursa, idmana göndərsinlər. Uşaqların hobbilərini bilmək və buna uyğun onları yönəltmək lazımdır. Əgər yay ayıdırsa, uşaqların belə isti havalarda yay düşərgələrinə getməyi onların həm sağlamlığı, həm də mənəvi inkişafı üçün əhəmiyyətlidir. Düzdür, buna hamının imkanı çatmasa da, yay düşərgələrinə uşaqların getməsi lazımdır.

Qeyd edim ki, uşağın təhsilinə, onun inkişafına qoyulan sərmayə heç vaxt itmir. O uşağın inkişafı üzərində mütləq geri qayıdır. Çünki uşağın təhsilinə, inkişafına nə qədər sərmayə qoyularsa, bu onun gələcəkdə xeyirli vətəndaş, bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxaracaq. Əgər valideynlər bunu edə bilmirlərsə, ən azından övladlarına rayona güvəndikləri nənə-babasının yanına göndərə bilər. Çünki rayonun havası təmiz olur, bu uşaqların sağlam böyüməsi üçün əlverişlidir. Həmçinin rayonlarda, kənd yerlərində bağ-bağça böyük olur deyə uşaqlar daha çox hərəkətdə olur, qaçır, oynayır. Eyni zamanda rayon yerlərində internet əksər hallarda olmur, olanda da limitli olur deyə bundan bol-bol istifadə etmək olmur”.

Direktor bildirir ki, uşaqların televiziyaya baxması da ən böyük problemlərdən biridir. Çünki onların baxdıqları veriliş, yaxud filmlər birbaşa onlaraın mənəviyyatına təsir göstərir: “Ümumiyyətə, uşaqların yaşlarına uyğun olmayan proqrama baxması qətiyyən yolverilməzdir. Əgər valideyn övladının yanında oturub belə verilişə baxırsa, uşaq da onunla bərabər baxacaq. Ona görə də valideynlər bu məsələdə bir az diqqətli olmalıdırlar.

Çünki uşağın yaşına uyğun olmayan hər hansı proqrama baxması onun beynində mənfi izlər buraxa bilər. Ona görə də istər-istəməz bəzən uşaqlarda mənfi keyfiyyətlər, xüsusiyyətlər yaranır. Biz özümüzü necə tərbiyə etsək, uşaq da elə tərbiyə olunacaq. Ona görə də uşaqları bu informasiyalardan qorumaq üçün onları boş qoymaq olmaz. Uşağın günlük bölgüsü olmalı, kitab oxumalı, idman etməli, bir sözlə sağlam ruhda böyüməlidir.

Çünki kitab oxumaq uşağın mənəvi inkişafında çox böyük rola malikdir. Həmçinin də idman etməsi onun fiziki inkişafı və sağlamlığı üçün vacibdir. Valideynlər övladlarına vaxt ayırmalı, onlarla zaman keçirməlidir. Mən həm öz şəxsi həyatımda, həm də mərkəzimizdə uşaqlara günlük bölgü edirik. Əgər uşaqların heç bir məşğuliyyəti yoxdursa, müəllim sinifdə olmayan kimi qışqırmağa, yaxud dalaşmağa başlayacaqlar. Əgər uşaqların məşğuliyyəti varsa, nəinki dalaşmağa, heç danışmağa belə vaxtları olmayacaq və sevimli məşğuliyyətinə başı qarışacaq”.

D.Musa bildirir ki, bəzən analarımız da bu işdə məsuliyyətsiz davranırlar. Belə ki, bəzi xanımlarımız işsiz olduqları və məşğuliyyətləri olmadıqları üçün oturub uşaqlarının yanında qeybət edirlər: “Uşaqların yanında bunu etmək qəti şəkildə qadağandır. Çünki bu, uşaqlarda mənfi keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Buna valideynlərimiz xüsusilə diqqət etməli, onların mənəviyyatına mənfi təsir göstərən şeylərdən uzaq tutmalıdırlar. Bunun da qarşısını almaq üçün dediyim kimi, ilk növbədə uşaqlara faydalı məşğuliyyət tapmaq lazımdır. Ümumiyyətlə, bəzi valideynlər var ki, övladına qarşı yetərincə diqqətlidir, bəziləri isə ümumiyyətlə diqqət göstərmir. Bəzi valideynlər  isə övladlarına düşkünlüklə düzgün tərbiyəni səhv salırlar”.

D.Musa deyir ki, hazırda yay tətili olduğu üçün uşaqlarla hər həftə sonu, yaxud həftə içi tədbirlər təşkil edirlər. Onların mənəvi və fiziki cəhətdən inkişaf etməsi, sağlam ruhda böyümələri üçün əllərindən gələni edirlər: “Uşaqlara master-klaslar keçirik. Bu master-klaslarda onlara qolbağı, yaxud boyunbağı və s. hazırlamaq qaydasının öyrədirik. Yəni uşağa sakit dur deməkdənsə, ona hər hansı bir iş veririk və bununla da uşağın başı qarışır. Uşaq həm nəsə öyrənir, həm evə gedəndə qolunda qolbaqla gedir, həm də ən əsası inkişaf edir”.

Könül Oruc

Xəbər xətti