“Ən böyük arzum günlük deyil, həftəlik seriyal çəkməkdir”

18:45 - 24 İyul 2019 - Müsahibə

Rüfət Şahbazov: “Seriyallarımızda insanlara mənfiləri göstərərək müsbət mesajlar verməyə çalışırıq”

Hər birimiz onu “Aramızda qalsın”, “Qaynana”, “Ata ocağı” və s. kimi məşhur seriyalların rejissoru kimi tanıyırıq. Yaşı az olsa da, bu sahədə öz sözünü demiş rejissorlardandır. Deyir ki, öz ölkəmizin aktyorlarını heç bir ölkənin aktyorlarına dəyişməz: “Hər zaman demişəm ki, öz aktyorlarımızı digər ölkələrin aktyorlarından üstün sayıram. Çünki aktyor səhər filmə, günorta seriyala çəkilir, axşam isə teatrda tamaşa oynayır. Sonra da evinə gedib adi həyatını yaşayır. Bir gün ərzində üç rola girmək hər kəsin işi deyil. Bizim aktyorlarımız bu cəhətdən güclüdürlər. İstedadlı gənclərimiz, aktyorlarımız var. Baxırsan ki, tələbə institutda oxuyur, amma “qabında” heç nə yoxdur. Amma bəzən elə adam gəlir ki, təhsil almasa da, istedadlı olur. Ona görə də mən hər zaman aktyorun istedadına üstünlük verirəm. Təhsil onun öz işidir”.

“Üç nöqtə” qəzetinin qonağı tanınmış rejissor Rüfət Şahbazovdur.

- Sizi bir çox məşhur seriyal və filmlərin rejissoru kimi tanıyırıq. Bu yaşda bu qədər uğuru nəyə borclusunuz?
- Film və seriyal sahəsində qazandığım bütün uğurlarıma görə Allaha borcluyam. Çünki hər hansı bir işi görürəmsə, ümidimi yalnız Allaha bağlayıram. Və insanlara tərbiyəvi, mədəni nə isə aşılamağa çalışıram. Azərbaycanın seriyal sektorunda ilk başlayanlardan biri də bizik. Ona görə də əsas məqsədimiz odur ki, seriyallarımız 10-15 il sonra heç olmasa indiki Türkiyə seriallarının səviyyəsinə gəlib çatsın.

- Bu işdə sizə dəstək olanlar oldumu, yoxsa hər şeyə tək öz zəhmətinizlə nail oldunuz?
- Əlbəttə ki, dəstək göstərənlər oldu. Xəzər televiziyasının rəhbərliyi, seriyala ilk başlayan gündən mənimlə çiyin-çiyinə olan “Qələm” qrupun baş ssenaristi Valeh Əhmədov mənə çox böyük dəstək göstərdilər. Bu sahəyə gəlməyimdə Elxan Cəfərovun böyük rolu olub. Kinostudiyada onun yanında olmuşam. Biz Azərbaycanda gənc sənət adamlarına göstərilən dəstəyi görürük və hiss edirik. Kənardan bəlkə də çox adam bunu görmür. Amma biz işin içindəyik deyə bunu bilirik. Hara addım atsaq onların köməyi sayəsində olur. Xalq artistləri, böyük sənət adamları gənc kimi bizə işlərimizi həyata keçirmək üçün dəstək olurlar.

- Bir rejissor olaraq çəkdiyiniz filmlərdən gözlədiyiniz nəticəni ala bilirsinizmi?
- İlk başda hər bir rejissorun filmlə bağlı müəyyən düşüncələri olur. Onu həyata keçirəndə bəzən xırda çatışmazlıqlar olur. Bildiyimiz kimi, ölkəmizdə reklam bazarı aşağı səviyyədədir. Bu da beynimizdə olanları tam şəkildə həyata keçirməyimizə mane olur. Hazırda günlük “Ata ocağı” seriyalını çəkirəm. Bəzən elə olur ki, 10-15 seriya dalbadal ürəyim istəyən kimi çəkirəm, bəzən isə yox. Çünki günlük seriyal çəkənlər günə 30-40 epizod çəkmək məcburiyyətindədir. Belə olan halda isə vaxt problemi bizə maneə olur. Əsas hekayəni qoruyaraq sürətli çəkim etməlisən deyə xırda detallara fikir vermirsən. Bunlar da efirdən baxanda qüsur kimi görünür və bizi qınayırlar. Əslində düz edib tənqid edirlər. Çünki tamaşaçıya səbəb lazım deyil, tamaşaçı nəticəyə baxır.

- Çəkdiyiniz filmlərdə adətən eyni aktyorlara müraciət edirsiniz. Bunun səbəbi nədir?
- Əslində eyni aktyorlara müraciət etmirəm. Fikir versəniz, çəkdiyim “Aramızda qalsın”, “Qaynana”, “Cehizsiz gəlinlər”, “Bir ailəm var” seriyallarında heyət tamam başqa-başqa idi. Amma təbii ki əsas yan xarakterlərdən iki-üç aktyor bəzi layihələrimdə mənimlə ola bilsin ki, çox işləyib. Bunun da səbəbi odur ki, günlük seriyalda əsas heyət yeni xarakterlər olmalıdır. Ətraf aktyorlar isə elə olmalıdır ki, bizim vaxtımıza uyğun olsun. Məsələn, elə aktyorlar var ki, mən onları günlük seriyala dəvət edəndə həm zamana görə dözə bilmirlər, həm müəyyən müddətdən sonra problemlər, sıxıntılar çıxarırlar. Mənim kaprizi olmayan, sənətini, işini həqiqətən sevən, yeri gələndə efiri çatdırmaq üçün 24 saat çalışan, sözümə əsgər kimi qulaq asan və dediyimə əməl edən aktyorlara ehtiyacım var.

- Bu gün ölkəmizdə kifayət qədər istedadlı aktyorlar varmı?
 - Azərbaycan bazarında aktyorlarımız elə də çox deyil. Hər zaman demişəm ki, öz aktyorlarımızı digər ölkələrin aktyorlarından üstün sayıram. Çünki aktyor səhər filmə, günorta seriyala çəkilir, axşam isə teatrda tamaşa oynayır. Sonra da evinə gedib özü olur. Bir gün ərzində üç rola girmək hər kəsin işi deyil. Bizim aktyorlarımız bu cəhətdən güclüdürlər. Şükür Allaha, son zamanlar aktyorlara qayğı artıb. Setimə gələn aktyorlar gülərüz gəlirlər. Çünki bir çoxları ev aldı, onlara dövlət dəstəyi oldu. Bu çox yaxşı haldır. Kinolarımızın da sayı günü-gündən artır. Nə qədər çox olsa, inkişaf etsə o qədər yaxşıdır. Beləliklə aktyor heyətimiz daha da böyüyər. İstedadlı gənclərimiz, aktyorlarımız var. Amma sırf Türkiyədəki kimi aktyor yetişdirən “Oyuncu koçları” yoxdur. Mədəniyyət və İncəsənət Universitetindən çıxan tələbələr gəlib seriala çəkilmək istəmirlər. İstəyənlərin içərisində isə istedadlıları da, istedadsızları da olur. Baxırsan ki, tələbə İncəsənətdə oxuyur, amma “qabında” heç nə yoxdur. Amma bəzən elə adam gəlir ki, təhsil almasa da istedadı çox olur. Mən aktyorun istedadına üstünlük verirəm. Təhsil onun öz işidir.

- Filmlərinizdə tanınmış simalara üstünlük verirsiniz. Məsələn, Damla, Sevil, Sevinc bacıları və s. Hesab edirsiniz ki, onlar filmi daha çox sata bilər?  
- “Qız qaçırtma 1-2” çəkmişəm, hazırda isə üçüncünün çəkilişləri gedir. Əgər layihə mənim şəxsi layihəm olarsa elə şeylərə fikir vermərəm. Amma bu filmlər televiziya layihəsi olduğuna və kommersiya məqsədli olduğuna görə bu mənim müəllif hüququm deyil. Mən sadəcə burda rejissoram. Layihədə təklif olunur ki, müəyyən məşhur simalardan istifadə olunsun. Misal üçün, birinci “Qızqaçırtma” filmində Damla epizodik rolda idi.
Sevil-Sevinc bacıları da Xəzər televiziyasının siması olduğu üçün məsləhət görüldü. Filmi çəkəndən sonra gördüm ki, o qızların həqiqətən də aktyorluq bacarığı var. Digər rollar isə aktyorlardır. Bəzən kommersiya filmləri ilə həqiqi bədii filmləri çox qarışıq salırlar. Dünyanın hər yerində belədir. Hamı bilir ki, bu filmlər biznes üçün çəkilir, tarixdə qalmayacaq. İnşallah müəllif filmini çəkmək mənə də qismət olar.

- Peşəkar bir rejissorun çəkdiyi filmin uğur qazanması üçün ən vacib şərt nədir?
- Ən vacib şərtlərdən birincisi ssenari, ikincisi həmin filmə maliyyə dəstəyi, üçüncüsü isə güclü komandadır.

- Müasir seriyallarımızda çatışmayan cəhətlər nələrdir?
- Mənim ən böyük arzum günlük deyil, həftəlik seriyal çəkmək və gün ərzində 30-40 epizod yox, 10-12 epizod çəkərək bunun üzərində nöqsanları görərək ciddi şəkildə işləməkdir. Çatışmayan cəhətlərədn biri reklam bazarı ilə bağlıdır. Buna görə də ən böyük arzularımdan biri Azərbaycanda reklam bazarının böyüməsi və inkişaf etməsidir. Əgər reklam bazarı böyüyüb inkişaf edərsə film və seriallarımızın maliyyə dəstəyi artar. İstədiyimiz kimi böyük işlər görə bilərik. Çünki bunlar hamısı bir-birinə zəncirvari bağlıdır.

- Bu günə qədər çəkdiyiniz seriallardan ən reytinqli hesab etdiyiniz varmı?
- Ən reytinqli hesab etdiyim seriyalım “Ata ocağı”dır. Əvvəllər reytinq ancaq Azərbaycan kanalları arasında ölçülürdü. Lakin indi bizdə rəqəmsala keçilib deyə hazırda bizim reytinqə Türkiyə kanalları da təsir edir. Birinci gün axşamlar Türkiyədə “Çukur”, bizdə isə “Ata ocağı” seriyalı gedir. Bu üst-üstə düşəndə “Çukur” bizim reytinqimizdən alır. Bu, təbiidir. Digər günlərdə isə reytinqimiz daha üstün olur. Adi epizodik sürücü obrazı belə şəhərə, bölgələrə, toylara gedəndə insanlar onunla şəkil çəkdirirsə, deməli bu reytinqlidir. Biz çalışırıq ki, seriyallarımızda insanlara mənfiləri göstərərək müsbət mesajlar verək.

- Bəzən seriyallarda hər hansı bir rolu oynayan aktyorun başqası ilə əvəz olunmasını müşahidə edirik. Bu nədən irəli gəlir?
- Bu təbiidir və bu təcrübə Türkiyədə də var. Uzunmüddətli davam edən layihələrdə bu kimi halların olması normaldır. Belə olanda müqavilə pozulur və həmin aktyorun yerinə məcbur başqa aktyor götürürük. Çünki belə etməsək əvvəlcədən qurulmuş hekayə dağıla bilər. Bəzən seriyala gənc aktyor, aktrisa götürürük və bir az məşhurlaşan kimi kaprizlər göstərməyə başlayır. Belə olan halda həmin aktyoru seriyaldan tamamilə uzaqlaşdırırıq. Buna görə hər zaman deyirəm ki, Həmidə Ömərova, Qurban İsmayılov etmədiyi şeyi heç kimin etməyə haqqı yoxdur. Çünki onlar bizim layihədə ağsaqqal, ağbirçəkdirlər. 

- Ümumiyyətlə, bu kimi hallar filmin reytinqinə təsir göstərə bilirmi?
- Xeyr. Filmin reytinqinə aktyorun dəyişməsi təsir etmir. Filmin reytinqini əsas hekayə, ssenari təşkil edir.

- Bəzən rejissorlar aktyor kimi də çəkilirlər. Bəs siz necə, bu barədə düşünürsünüzmü?   
- Xeyr, bu barədə fikrim yoxdur. Çünki mən aktyor deyiləm, bacarmaram, o işin öz çətinlikləri var. Kiminsə istedadı varsa, çəkilməyi normaldır.

Könül Oruc


Xəbər xətti