“38 illik zəhmətim mənasız, boş şey imiş”

14:42 - 8 İyun 2019 - Mədəniyyət

Natiq Fərzəliyev: “Sənətə gələndə əvvəldən bilirdim ki, bu sənət ac sənətdir”

38 ildir bu sənətdədir, bu müddətdə heç vaxt ad uğrunda çalımayıb. Deyir ki, sakitcə işinə gedib, səhnəyə çıxıb, tamaşasını oynayıb. Bu günkü gənc aktyorlardan razı deyil. Bildirir ki, onların danışdığı yumor yox, şit bir şeylərdir: “Mənə nəsə versinlər deyə nəyinsə uğrunda çalışmamışam. Amma bu gün görürəm ki, 38 illik zəhmətim mənasız, boş şey imiş. Düzdür, sənətimdə enmələr-qalxmalar olub. İndinin özündə hara getsəm hörmətim var. Xalq artistlərinin problemlərini belə mən həll edirəm. Ona görə də titul filan hamısı məntiqsiz şeylərdir”.

“Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevdir.

- Artıq 40 ilə yaxındır ki, sənətdəsiniz. Gəlişiniz necə olub, bu illərdə nələr yaşamısınız?
- Ağlım kəsəndən, uşaq yaşlarımdan bu sənətə gəlmişəm. Dərnəklərə getmişəm. Ali təhsil alandan sonra peşəkar şəkildə isə 1981-ci ildən bu sənətdəyəm.  Əvvəllərdə eniş-yoxuşlarım, çətinliklərim çox olub. O vaxtı teatrlara girmək çətin idi, qapılar üzümüzə bağlı idi. İndi teatrlara qəbul olmaq çox asandır. İllərlə teatr studiyalarında çalışmışam. O vaxtı ilk yaranan özəl “Meydan” teatrı var idi, orda da işləmişəm. Bundan sonra bir neçə daha özəl teatrlar yarandı. Teatrlar İttifaqının sədri Akif Fətəliyev var idi, məni işə dəvət etdi. Qəbul etdim,  amma üç aydan bir 70 manat pul verirdilər. Gördüm ki, maaş məni qane etməyəcək, bir müddət sonra burdan ayrıldım. Daha sonra Gənc Tamaşaçılar Teatrında işə başladım və bir müddət sonra buranı da tərk etdim. İş həyatında dəyişikliklərim çox oldu. 1993-cü ildə rəhmətlik Hüseynağa Atakişiyev məni o vaxtkı Dövlət Gənclər Teatrına dəvət etdi . O, rəhmətə gedənə qədər 20 ilə yaxın orda işlədim. 2009-cu ildə də Nazirlər Kabinetinin qərarı ilə üç teatr - Gənc Tamaşaçılar, Dövlət Gənclər və Kamera Teatrı birləşərək Gənc Tamaşaçılar Teatrı oldu və mən o gündən fəaliyyətimi burda davam etdirirəm. Ən gözəl günlərim rəhmətlik Hüseynağa Atakişiyevlə bağlıdır. Yəni elə bir rejissorla işləmək aktyor üçün böyük bir şərəf idi. Tanınmağım da elə onun dövründə oldu. Məşhurlaşdım, hər yerdə üzümə qapılar açlamağa başladı. Filmlərə, tamaşalara dəvət aldım. Amma o, öləndən sonra mən teatrdan o ləzzəti ala bilmədim. Çünki kollektiv böyüdü, həm də bəlkdə də yaş özünü göstərdi.

- Ömrünüzün yarıdan çoxunu sənətə həsr etmisiniz, hələ də sizə fəxri ad verilməyib...
- Heç vaxt ad uğrunda çalımamışam. Öz-özümə demişəm ki, bu mənim işimdir, işimi görürəm. Bəzi insanlar işlərini başqa yollarla həll edirlər. Sakitcə işimə getmişəm, səhnəyə çıxmışam, tamaşamı oynamışam. Mənə nəsə versinlər deyə nəyinsə uğrunda çalışmamışam. Amma bu gün görürəm ki, 38 illik zəhmətim mənasız, boş şey imiş. Düzdür, sənətimdə enmələr-qalxmalar olub. İndinin özündə hara getsəm hörmətim var. Xalq artistlərinin problemlərini mən həll edirəm. Teatrda məni xeyirxah adam kimi tanıyırlar məni, kimin nə problemi olsa mənə müraciət edir. Bundan ləzzət alıram, çünki həm də savab qazanıram. Bir tərəfdən də düşünürəm ki, mən sıravi adam, kömək istəyən isə xalq artisti. Ona görə də titul filan hamısı məntiqsiz şeylərdir. Bizə normal aylıq maaş versinlər, bilim ki, ailəmi aylıq bu pulla dolandıracam. Bilmirsən susasan, yoxsa danışasan. Çünki bu adlar o qədər lazımsız yerlərə verilir ki, insan təəccüb içində qalır. 3-5 il səhnəyə çıxan “Xalq artisti”, “Əməkdar artist” olur. Bu necə olur, bilmirəm. 

- Aktyorlar hər zaman səhnədə başlarına gələn hadisələrdən maraqla bəhs edirlər. Bəlkə belə bir maraqlı hadisəni də sizdən eşidək.
- Səhnədə maraqlı hadisələr çox olur. Bəzən də elə olur ki, tamaşaçı bunu hiss etmir. Bir dəfə tamaşaların birində bişmiş yumurta yeməliydim. Aktyor dostlarımdan da kimsə bişmiş yumurtanın yerinə çiy yumurta qoyub. Özüm də səhnədən çıxıb toya getməli olduğum üçün ağ köynək geyinib gəlmişdim. Guya ki, qışdır, səhnədə ağ köynəyin üstündən kürk geyinmişdim. Tərəf-müqabilim deyir ki, səhnədə yumurta ye, dedim yemirəm. O da ikisini götürüb yedi. Üçüncüdə dedi ki, sən ye, dedim yemirəm. Amma həmişə yeyirdim, indi nə isə yemədim. Bu götürüb yumurtanı başıma vurdu. Onda gördüm ki, bütün saçımdan sarı tökülür köynəyimə kimi. Tamaşaçı da gülür, nə bilirlər ki, bu yumurta necə olmalı idi. Səhnəyə çönüb baxanda gördüm ki, tanınmış aktyordur, adını çəkməyəcəyəm, dedi mən eləmişəm. Çox əsəbiləşdim, artıq neyləməliydim. Tərəf-müqabilim də and içdi ki, bilmirdim bu çiydir. Toya getməliydim axı. Hələ də yadımdan çıxmır.

- Hər kəsə məlumdur ki, aktyorluq elə də gəlirli sahə deyil. Bundan başqa əlavə qazanc yeriniz varmı?
- Sənətə gələndə əvvəldən bilirdim ki, bu sənət ac sənətdir. Çoxları acından ölürdü, küçədə siqaret kötüyü tapıb çəkirdilər. Səhnə bir xəstəlikdir. Bir dəfə bura düşdünsə aludə olursan və ömürlük səninlə gedir. O səhnənin tozunu udursan. Səhnəyə çıxanda tamaşaçının reaksiyası, alqışı, həyəcanı, sanki aktyora dünyaları verir. Tamaşaçıdan iki metr yuüksəklikdə dayanırsan, xalq səhnədən aşağıdadır.  Mədəniyyət hər şeydən yüksəkdə, hər şeyin başında dayanmalıdır. O vaxtlar bir az danışmaq filan öyrəndim, toyalara getməyə başladım. Təqvimin hər günü toyda olurdum. Toya 100 manata gedirdim, 5 min pulla qayıdırdım. İndi o yoxdur, müğənnilər özləri həm oxuyur, həm də tamadalıq edir. Amma Allaha şükür seriallar, çəkilişlər var. Bununla idarə edirik.

- Son zamanlarda seriallara qeyri-peşəkarların çəkilməsinə münasibətiniz necədir?
- O bizim yaralı yerimizdir. Bu nədən irəli gəlir? Büdcənin, maliyyənin olmamasından. Pul az olur. Aktyoru dəvət etsə, müəyyən qədər pul verməlidi. Adamlar var ki, özünün marağı var. Əksinə, cibindən pul verir ki, məni çəkin. Heç pul verməsə də, rejissorlara sərf edir ki, adi bir adamı çəksin. İşi getsin. Amma işin keyfiyyətini düşünmür. Açıq etiraf etməliyik ki, o cəhətdən bərbad gündəyik. Yaxşı işlər də var. Tam qılınc vurmaq lazım deyil. Ümumi götürəndə, serial tərəfdən bizdə işlər hələ zəifdir.

- Prezidentin sərəncamı ilə teatrlara pul ayrıldı. Bu aktyorların maaşlarına təsir etdimi?
- Xeyr, bunun aktyorlara heç bir dəxli yoxdur. Prezident tərəfindən əvvəlcə minimal əmək haqqı artırıldı, onun da bizə təsiri olacaqdı. Prezidentin sənət adamları ilə görüşündən sonra maaşlarımız 50 faiz artdı. Amma hələ ki minimum olan verilməyib. Amma teatrlara ayrılan pulun aktyorlaırn maaşına təsiri yoxdur. Ola bilsin ki teatrların abadlaşdırılmasına və avadanlıqlarına xərclənir.

- Bir neçə il əvvəl Türkiyədə də seriala çəkilmisiniz. Ölkəmizdə qonarar yüksəkdir, yoxsa orda?
- Təbii ki orda yüksəkdir. Amma o serialın axırının necə olduğunu bilmədim. Rejissor bizim ölkəyə gəldi, burda 4-5 bölüm çəkib Türkiyəyə getdi. Sonra məni də çağırdı, getdim orda bir ay qaldım, evlə filan təmin etdilər. Bir neçə seriyaya çəkildim və sonra başqa serial çəkimi üçün yenə ölkəmizə qayıtdıq. Amma mən qəbul etmədim, çünki burda mentalitet məsələsi var idi. Söyüş söymək lazım idi, bunu etmədim. Dedi bizdə belə şey keçməz, çünki onlarda adi haldır. Arada belə qarışıqlıqlar oldu.

- Bu gün tamaşaçıların zövqü bir aktyor olaraq size qane edirmi?
- Tamaşaçı zövqü çox dəyişib. Məncə, sənətçi zövqsüz tamaşaçının səviyyəsinə düşməli deyil, onu öz səviyyəsinə qaldırmalıdır. Bilmirəm, bu televiziyanın, yoxsa başqa kütləvi informasiya vasitəsinin günahıdır, amma tamaşaçının zövqü çox korlanıb.

- Ötən əsrin yumoru ilə bu günün yumoru arasında nə kimi fərqlər var?
- Fərq çoxdur. Bu günkü efir məkanı nəinki məni, heç bir sənət adamını qane etmir. Yumorun adını dəyişib “Stand-up” deyirlər. Yumoru özləri danışıb, özləri də gülürlər. Səhnə hərəkəti, etikası, mədəniyyəti anlayışları var. Bilmirəm bəlkə bizim yaşımız keçib, bəlkə də belə tam azadlıq, sərbəstlik olmalıdır. Arif Quliyevin dövrü var idi, səhnədə yıxılırdı, hamı gülüb özündən gedirdi. Belə şeylərin dövrü tez keçir. Amma ciddi şeylər uzun müddət yaddaşlarda qalır. Elə bil ki, hazırda sənəti olmayan adamlar gəlib efir məkanını, film bazarını zəbt ediblər. Peşəkar film, komediya yoxdur. Hazırda hərşey qruplaşmanın əlindədir. 

- Bu günkü gənc aktyorları bəyənirsinizmi?
- Xeyr, bu günküləri bəyənmirəm. Onların dediyi yumor deyil, şit bir şeydir. Yumorun içində bir fikir olmalıdır, məntiqli alt qatı olmalıdır. Tamaşaçıya nəsə fikir verməlisən, ordan nəsə götürməlidir.

- Bir qədər də gələcək planlarınızdan danışaq?
- Yeni mövsümdə işlərim çoxdur. Serial çəkilişlərinə başlayırıq. Şəxsi sağlamlığımla bağlı bir az çətinliyim var. Teatra ancaq tamaşalar olanda gedirəm, məşqlərdə yoxam. Sentyabrda inşallah öz fikirlərim də var, mövsümün açılışında mono tamaşa ilə çıxacam.

Könül Oruc

Xəbər xətti