“Məqsədə gedən yolda, hər şeyi qurban vermək olar, məqsədin özündən başqa”

13:02 - 28 Fevral 2019 - Müsahibə

Xanım Aydın: “Hamı bir nöqtəyə vursa, ərsəyə yaxşı bir iş çıxar”

Adətən ssenarini gecə saatlarında yazan müsahibim deyir ki, əslində, bunun mistik tərəfi-filanı yoxdur. Yazı adamlarının əksəriyyəti gecələr işləyir: “Bu, yəqin ki, daha çox gecənin sakitliyi ilə bağlıdır. Yəni fikirləri cəmləmək, konsentrasiya olmaq daha rahat olur. Ssenari da diqqət, vaxt və böyük zəhmət tələb edən bir yazı növüdür. Özünə ciddi yanaşmağı diqtə edir.  Yəni başdansovdu yanaşmaqla, uğur əldə etmək mümkün deyil”.

Müsahibim “Üç nöqtə” qəzetinin qonağı yazıçı, tərcüməçi və son zamanlarda olduqca populyar olan “Uçurum” serialının ssenaristi Xanım Aydındır. Həmsöhbətimlə onun ümumi fəaliyyətindən, uğurlarından və gördüyü işlərdən söz açdıq.

- Başlayaq elə serialdan. Siz indiyə qədər yazıçı və tərcüməçi kimi tanınırdınız. Bir şeir kitabı, çoxlu hekayələr müəllifi, ədəbi manifestlər haqqında silsilə yazıların, məktubların, esselərin və yeddi kitabın tərcüməçisisiniz. Necə oldu ki, ssenari sahəsində də özünüzü sınamaq istədiz?
- “Oscar film production”-dan dəvət aldım. Və sevə-sevə, necə deyərlər, qollarımı çirmələyib bu işə qatıldım.

- ARB kanalında yayımlanan “Uçurum” serialı son bir neçə aydır ki, trenddədir. Seriallarımızın ssenarilərinin tənqid olunduğu bir dönəmdə bu uğuru nəyə borclusunuz?
- Əvvəlcədən deyim ki, film, tamaşa, serial kollektiv əməyin bəhrəsidir. Buna görə də “Uçurum”un uğurunda ssenarisrt kimi mənim payım olsa da, burada zəhməti keçən digər adamlar da var. Prodüserimiz Yaşar Əhmədov, Baş redaktorumuz İlqar Fəhmi, Quruluşçu rejissor Vüsal Məmmədov, rejissorumuz Vüsalə Tağı, aktyorlar və bütün texniki heyətin birgə işinin nəticəsidir. Hesab edirəm ki, hamı bir nöqtəyə vursa, ərsəyə yaxşı bir iş çıxar.

- Bildiyimizə görə ssenarini gecə saatlarında yazırsız. Bu nəylə bağlıdır?
- Əslində, bunun mistik tərəfi-filanı yoxdur. Yazı adamlarının əksəriyyəti gecələr işləyir. Bu, yəqin ki, daha çox gecənin sakitliyi ilə bağlıdır. Yəni fikirləri cəmləmək, konsentrasiya olmaq daha rahat olur. Ssenari da diqqət, vaxt və böyük zəhmət tələb edən bir yazı növüdür. Özünə ciddi yanaşmağı diqtə edir.  Yəni başdansovdu yanaşmaqla, uğur əldə etmək mümkün deyil. Yeri gəlmişkən, elə bu da “Uçurum”un sevilmək səbəblərindən biridir.

- Qayıdaq yenə də əvvələ. Yaradıclığınıza şeir yazmaqla başlamısız. Yazdığınız şeirlər tanınmış bəstəkarların diqqətindən yayınmayıb. Faiq Sücəddinov, Gövhər Həsənzadə kimi bəstəkarlar şeirlərinizə mahnı bəstələyiblər. Bu barədə də bir az danışın.
- Bəli, ilk vaxtlar şeir yazmışam, “Yağış olmaq istəyrəm” adlı şeir kitabım da 2014-cü ildə çap olunub. Bu kitabın mənə ən böyük töhfəsi bu cür gözəl bəstəkarların şeirlərimə mahnı bəstələməsi oldu. Həmin mahnılar da “Uçurum” kimi böyük uğur qazanmışdı, dinləyicilər tərəfindən sevilmişdi. Qeyd edim ki, bugünlərdə Gövhər Həsənzadəylə yeni bir mahnı üzərində işləyirik. Ümumiyyətlə, yaradcılığımın müyyən dövründə bu mahnılar mənə yeni ruh, yeni qol-qanad verib.

- Bəs sonradan niyə profiliniz dəyişib prozaya keçdiniz? Yəni hekayələr, tərcümələr... bu necə oldu, hansı zərurətdən doğdu bəs?
– Şeir bir anın qışqırtısıdır. Bir anın qığılcımıdır. Müəyyən bir vaxtdan sonra hiss etdim ki, daha bir anın hiss qışqırtısına yox, daha geniş diapazonda hisslərimi ifadə etəyə ehtiyacım var. Məni nəsrə bu gətirdi, bəlkə də. Amma indi bəzən kiçik şeirlər yazıram.

– Gülüşümü hansısa döngədə, hansısa yolda,
Bəlkə, yeraltı, bəlkə yerüstü,
Hansısa keçiddə salıb itirmişəm...
Harda? Necə? Kimlə?
Mən də bilmirəm.
Bir uşaq taparaq qaçıb arxamca
“Bağışlayın, xanım, gülüşünüz düşüb.
Buyurun götürün!” – deməyib mənə.
Başqa gülüşlərsə gəlmir üzümə.
Qara gözə mavi linzalar kimi
Süni təbəssüm taxıram dodaqlarıma
Taxıram...süzülür...
Kirpiklərimdən...

- Bu şeirin misraları kədərləndirir? Bu hüzür hardan doğur belə?
- Bayaq qeyd etdiyim ki, şeir anın qışqırtısıdır. Yəqin ki, şeir yazılan anda nə hiss etmişəmsə, onu da yazmışam.

- Yazarkən sizi nə ilhamlanıdır?
- İlhamım hər bir şey ola bilər. Yağış da, hava da, günəş də, bircə kəlmə söz də, bir ətir də... Bunu bir konkret ünvanı, vaxtı, zamanı yoxdur. İstədiyi vaxt adamın yaxşı mənada, yaxasından yapışır ki, yaz məni.. bu təkcə şeirə aid deyil. Elə prozaya da aiddir. Ən azından yazacağın mətnin bir qaralamasını həmin anda qələmə almalısan. Almasan, itib-batacaq, daxilin əriyib gedəcək... Yazı özünü sonraya saxlamağı, gözlətməyi sevmir.

–  Hazırda ölkədə ədəbiyyat sahəsində öz yerini tuta bilmiş “Artkaspi.az” saytında redaktor kimi çalışırsız. Həm də “Kaspi” qəzetinin “Ədəbiyyat əlavəsi”ndə mütəmadi çap olunursuz. Saytınızın da bugünlərdə də 2 yaşı tamam oldu. Bu saytın və qəzetin həyatınızdakı yeri nədən ibarətdir?
– Mən Azərbaycanda öndə olan bütün mətbu orqanlarda çap olunmuşam və bu gün də olunuram.  Amma heç kimə sirr deyil ki, “Kaspi” qəzetinin “Ədəbiyyat əlavəsi” və “Artkaspi.az” saytı üçün yazı hazırlamaq qədər, mənim üçün zövqlü, sevimli heç nə yoxdur. Buna qədər qəzetdən qazandığım oxucu sevgisi sayt vasitəsilə daha da böyüdü. Mən imzamı daha böyük auditoriyaya tanıtdıra bildim. Heç kimə sirr deyil ki, qəzet bizim üçün nə qədər dəyərli olsa da, yazımızın dərc olunmasından aldığımız zövq necə böyük olsa da, zamanın tələbi artıq başqadır. Qloballaşan dünyamızda elektronlaşma, təbii ki, qaçılmazdır. Biz istəsək də, istəməsək də, bununla mütləq ayaqlaşmalıyıq. Mən qəzet ənənəsinə aşiq bir adam olsam da, sayt materialının dünyanın hər bir tərəfində əlçatan olmasına da çox sevinirəm. Çünki internet olan hər yerdə saytda yerləşdirilən yazını rahatca oxumaq olur. İnternet isə demək olar hər yerdə var...

- Bir az da tərcümələrinizdən danışaq. Sonuncu tərcümə etdiyiniz kitab Efron Ariada “Mənim anam - Marina Sveatyeva”dır. Niyə bu kitabı tərcümə etmisiz? Yəni buna maraq hardan doğdu?
- Bildiyimiz kimi Marina Svetayeva Gümüş dövrü rus ədəbiyyatının ən məşhur və ən sevilən şairlərindədir. Onun şeirlərindəki simvolistika, onun həyatındakı mistika və ümumiyyətlə, bütövlükdə Marina Svetayeva həmişə maraqlıdır, həmişə aktualdır. Bu kitabın müəllifi Svetayevanın qızı Efron Ariadnadır. O, anası haqqında bütün xatirələrini bu kitabda cəmləyib. Qeyd edim ki, olduqca maraqlı və faktlarla zəngin bir kitabdır. Svatayevanın həyatı da şeiləri kimi qəliz, dərin məzmunludur. Və on görə də,  deyərdim ki, indiyə qədər tərcümədə ən çox zəhmət çəkdiyim kitab budur. Amma bu zəhməti mən sevə-sevə çəkmişəm. Və bu gün həmin kitabı əlimə alanda yaşadığım sevinc hissi məni qanadlandırır. Məni yeni işlər görməyə ruh verir. Əslində, işimi, peşəmi çox sevirəm. Buna görə də çətinlikləri aşmağı bacarıram. Necə deyərlər, məqsədə gedən yolda, hər şeyi qurban vermək olar, məqsədin özündən başqa!..

Könül Oruc


Xəbər xətti