“Milli məktəblərimizdə çox ciddi pedaqoji kadr böhranı yaranıb”

19:35 - 14 Yanvar 2019 - Müsahibə

Kamran Ramazanlı: “Azərbaycan vətəndaşlarına ölkədə hansı hüquqlar tətbiq olunursa, gürcüstanlı soydaşlarımızın da həmin hüquqlarla təmin olunması üçün çalışırıq” 

“Gürcüstanlı soydaşlarımızın Azərbaycan vətəndaşlığı və seçib-seçilmək hüququndan başqa, Azərbaycan vətəndaşlarına ölkədə hansı hüquqlar tətbiq olunursa, gürcüstanlı soydaşlarımızın da həmin hüquqlarla təmin olunması üçün çalışırıq.  Bu sözləri bizimlə söhbətində qafqazşünas Kamran Ramazanlı dedi. Müsahibimiz gürcüstanlı soydaşlarımızın problemlərinin həlli istiqamətində silsilə tədbirlər keçirir.

- Gürcüstanlı soydaşlarımızın problemlərinə həsr olunmuş tədbir keçirdiniz, tədbirdə nələr müzakirə olundu? 
- Tədbirdə gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinin yaranma səbəblərindən və çıxış yollarından danışdıq. Bu istiqamətdə müzakirələr getdi və müzakirələrin sonunda “soydaş haqqında” qanunun qəbulu üçün Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədova və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət ünvanlandı ki, onlar “soydaş haqqında” qanunun qəbulu üçün öz köməkliklərini göstərsinlər.

- Problemlərin çıxış yolları və sizi narahat edən məsələlər nələrdir?
- Gürcüstanlı soydaşlarımızın Azərbaycan vətəndaşlığı və seçib-seçilmək hüququndan başqa, Azərbaycan vətəndaşlarına ölkədə hansı hüquqlar tətbiq olunursa, gürcüstanlı soydaşlarımızın da həmin hüquqlarla təmin olunması üçün çalışırıq. Təhsil, səhiyyə və digər sahələrdə Azərbaycan vətəndaşlarının hansı hüquqları varsa, gürcüstanlı soydaşlarımız da həmin hüquqlara malik olsun istəyirik. Əgər belə olarsa, bu zaman miqrasiya sahəsindəki problemlər öz həllini tapacaq.

- Təhsil sahəsində hansı problemlər mövcuddur? 
- Təhsil sahəsində milli məktəblər, kadr  çatışmazlığı, dərsliklərlə bağlı problemlər mövcuddur.  Statistikaya əsasən Azərbaycan dilində 1989-u ildə 183 məktəb, 1999-cu ildə 167, 2009-cu ildə 124, bu ilki tədris ilində isə cəmi 117 məktəb qalıb.  

Onların da 82-si orta və tam orta məktəblərdir. Yerdə qalan 35-i isə yalnız bölmələrdən ibarətdir. Faktiki olaraq 101 məktəb bağlanıb. Bununla yanaşı müəllimlərin sayında da azalma müşahidə olunur. 1989-cu ildə 6922 müəllim, bu ilki tədris ilində isə 3628 müəllim işləyir. Burda da obyektiv və subyektiv səbəblər var. Milli məktəblərimizdə çox ciddi pedaqoji kadr böhranı yaranıb. 3628 müəllimin 80 faizi təqaüdçüdür. Əslində həyəcan təbili çalmaq zamanıdır, bununla bağlı çox ciddi problemlər var. Həmçinin şagirdlərin də sayında azalmalar müşahidə edilir.

- Problemlərin həlli üçün nə kimi işlər görürsünüz? 
- Problemlər ətrafında Azərbaycanda yaşayan Borçalı əsilli ziyalılar, fəallarla birgə işlər görürük.  Oktyabr ayında böyük bir tədbir keçirdik. 20 nəfər tanınmış ziyalı cənab prezidentə milli məktəblərdə kadr probleminin həll olunması, Gürcüstan dövləti ilə birgə Tiflis şəhərində Pedaqoji Universitetin açılmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdi. Bu məsələ hazırda müzakirə olunur. Ümidvarıq ki, bizə müsbət cavab veriləcək.  Bu tədbirimizdə isə “soydaş haqqında” qanunun qəbulu üçün Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədova və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət ünvanlandı.

- Miqrasiya sahəsindəki əsas problemlər nələrdir? 
-  Bildiyiniz kimi, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayırlar. Hər bir ailənin heç olmasa bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl və ahıl yaşda xəstə insanlara orada diqqət və qayğı göstərən olmadığından Azərbaycana öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatı 90 gündür və bu müddətdən bir gün artıq keçərsə, 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Bu rəqəmlər çox böyükdür. Biz problemlərin öz həllini tapması üçün işlər görürük. Gürcüstandan Azərbaycana 4 qrup insanlar gəlir ki, bunlardan birincisini tələbələr, ikincisini işləməyə gələnlər, üçüncüsünü Zviard Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovulanlar, dördüncüsünü isə qarışıq nikahlı ailələr təşkil edir. Tələbələrin gəlməsi ilə bağlı demək olar ki, problemlər yoxdur. İkinci qrupu təşkil edən işləməyə gələnlərlə bağlı isə bir sıra problemlər mövcuddur. Qeyd edim ki, iş icazəsi almaq üçün rüsumlar yüksəkdir, tibbi müayinələrdə də qiymətlər bahadır. Gürcüstanda iş yerləri çox məhduddur.  Soydaşlarımız iş üçün Türkiyəyə və Azərbaycana daha çox üz tuturlar. Rusiyaya gediş-gəliş məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır və iş müddətləri bitəndə geri qayıdırlar. Onlar  Belarusiyaya və digər ölkələrə gedəndə həm geri qayıtmırlar, həm də ailələrində ciddi problemlər yaranır. Üçüncü qrupa daxil olan Zviard Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovulanlarla bağlı da problemlər var. Belə ki, həmin dövrdə qısa müddət ərzində Bolnisi rayon mərkəzindən 800 ailə, Kazreti qəsəbəsindən 350-dən çox ailə, Dmanisi rayon mərkəzindən 400-dən çox ailə, Tiflis ətrafından 615-dən çox ailə qısa müddət ərzində öz ev-eşiklərindən qovuldular. Onların böyük əksəriyyəti Azərbaycana pənah gətirdilər. Bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib. Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər vardır ki, onlar da Azərbaycan vətəndaşlığını ala bilməyiblər. Dördüncü qrupu təşkil edən qarışıq nikahlı ailələr isə 30 minə yaxın insanı əhatə edir. Bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşlarıdırlar. Onların da 3 aydan bir sərhədi keçməsi, övladlarının təhsil problemləri və.s məsələlər mövcuddur. Bu qrupun da statusuna aydınlıq gətirilməsini vacib hesab edirəm.

Könül 

Xəbər xətti