Sahibkarların hüquqlarının müdafiə olunur

18:25 - 27 İyun 2018 - KİVDF

Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi hüquqi dövlət quruculuğunun vəzifələrindən biridir 

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlardan biri ölkədə uğurlu iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinin hüququ tənzimlənməsidir. Bu istiqamətdə regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommuniksiya infrastrutkrunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir, liberal bazar münasibətlərinə keçidlə əlaqədar sahibkarlığın fəallaşması müşahidə olunur. 

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursunun əsas məqsədi də iqtisadi inkişaf templərini daha da artırmaq, sosialiqtisadi islahatları sürətləndirmək, xarici ölkələrlə iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək, yeni texnologiyaların ölkəmizə gətirilməsi ilə onun müasirləşməsinə nail olmaq və bu inkişafa mane ola biləcək amilləri aradan qaldırmaqdır. Belə ki, iqtisadiyyatın sürətli inkişafı, eyni zamanda mülki və iqtisadi mübahisələrin sayının artmasına, institusional dəyişikliklərin dərinləşməsinə gətirib çıxarır. İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sistemini və səmərəli ədalət mühakiməsini zəruri edir. Sahibkarliğin inkişafı istiqamətində bir sıra qanunların qəbulunu gündəmə gətirir. Bu məqsədlə Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli və 2002-ci il 17 avqust tarixli 753 nömrəli fərmanları ilə müvafiq olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” qəbul edilib. Proqramın məqsədi özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstəyi daha da artırmaq idi. Bu proqramın qəbulu həm də kiçik və orta sahibkarlara ölkənin iqtisadi inkişafında yerlərini və rollarını göstərdi. Məlumdur ki, sərbəst iqtisadiyyatın inkişaf etdiyi bütün ölkələrdə aparıcı yeri kiçik və orta sahibkarlıq tutur. Bu sahədə çalışan iş adamları bazarın dəyişkənliyinə daha tez uyğunlaşır, həm özlərini, həm də başqalarını işlə təmin edir, üstəlik, dövlətə vergi ödəyirlər. İdarəetmə mexanizmi asan olduğu üçün məhz kiçik və orta biznes çoxlarını özünə cəlb edir.
  Bundan sonra “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” qəbul edilərək icra edilib.  Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 2008-ci il 25 avqust tarixli 3004 nömrəli və 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Bu proqramın qəbulu çox önəmli idi. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacib idi. Ümumiyyətlə, Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. Lakin, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 may tarixli 2786 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail olmaq üçün 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, eləcə də 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi nəzərdə tutulub. Onlar uğurla yerinə yetirilib.
 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılıb. Qanunun 2-ci maddəsinə əsasən bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanı ilə həmin yoxlamalarla bağlı bir sıra məhdudiyyətlər müəyyən edilib.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və 762 nömrəli Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan) və ya sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan kollegial orqandır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apellyasiya Şurasında baxılır. Eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması, icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması, ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi, idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması, dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilib.

(davamı var)

 

Xəbər xətti