Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələri möhkəmlənir

18:24 - 18 İyul 2017 - KİVDF

Diaspora təşkilatlarının fəaliyyəti Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına, mədəni-ədəbi əlaqələrin genişləndirilməsinə xidmət edir


Azərbaycanlıların Mədəniyyət Mərkəzi Gürcüstanda keçirilən bir tədbirlərdə yaxından iştirak edir. Məsələn. Azərbaycanın və Gürcüstanın tarixi günlərinə həsr olunan tədbirlər müntəzəm şəkildə həyata keçirilir. 20 yanvar, 9 aprel, Xocalı faciələri və Azərbaycan həqiqətlərinin gürcü və dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirərkən xüsusi kitablar və broşurlar gürcü dilinə tərcümə olunaraq əhaliyə paylanılır. 
Mərkəzin işlərinin bir hissəsi isə gənclərimizlə bağlıdır. Təşkilatın nəzdində fəaliyyət göstərən Gənclər şöbəsi tərəfindən bu istiqamətdə müəyyən işlər görülür. İrimiqyaslı layihələrdən biri də Azərbaycan jurnalistlərinin Gürcüstana, Gürcü jurnalistlərinin Azərbaycana səfəridi. Səfərlərin əsas məqsədi iki ölkə arasında media körpüsünün yaradılması, gürcü mediasında Azərbaycan haqqında məqalələrin dərc olunması və ölkələrimizin jurnalistləri, gəncləri arasında əlaqələrin genişləndirilməsidi. Bu tipli layihələrin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında dostluq əlaqələrinin möhkənləndirilməsi, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya prosesinin sürətləndirilməsi, Gürcüstanda azərbaycan mədəniyyətinin inkişafı, mədəni-ədəbi əlaqələrin sıxlaşdırılmasıdır .
Azərbatycanlıların Mədəniyyət Mərkəzi həm də xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ilə də əlaqələr qurur, onların fəaliyyətlərini dəstəkləyir. Bu yaxınlarda Rusiya Federasiyası Ali Məhkəməsinin Ümurusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarı narazılıqla qarşılanıb. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və bu ölkədə fəaliyyət göstərən Azərbatycanlıların Mədəniyyət Mərkəzi bəyanat yayaraq narahatlıqlarını bildiriblər. Bəyanatlarda Azərbaycan-Rusiya münasibətlərinin həmişə yüksək səviyyədə olduğu, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etdiyi və bu münasibətlərə iki ölkə prezidenti arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələrinin təsiri vurğulanır. Buna baxmayaraq, Rusiyanın bəzi anti-Azərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin, habelə bu ölkədəki erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirdiyi vurğulanır.Gürcüstan azərbaycanlıları hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvinin arxasında da məhz bu qüvvələr dayanır və onların məqsədi Rusiya ilə Azərbaycanın münasibətlərini imtahana çəkməkdir. Gürcüstandakı Azərbaycan icması, azərbaycanlıların birləşdiyi diaspor təşkilatları, ziyalılar, media qurumları və QHT-lər RF Ali Məhkəməsini xalqlarımızın dostluq münasibətlərinə kölgə sala biləcək təxribat xarakterli bu qərarı ləğv etməyə çağırır. 
Bundan başqa mərkəz bir sıra kitab təqdimatında da iştirak edir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində iyulun 14-də "Dünya azərbaycanlıların palitrası" kitabının təqdimatı olub. Muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Əliyeva Leyla tədbiri açaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitabda müəllifin diasporla bağlı müxtəlif KİV-lərdə dərc olunan müsahibələrin bir hissəsi əksini tapıb. Ümumiyyətlə kitabda dünyanın 5 qitəsində məskunlaşmış soydaşlarımızdan alınmış 170 müsahibə yer alıb. Kitab dörd fəsildən ibarətdir. Nəşrin müəllifi, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, kitabı hazırlamaqda məqsəd dünyada yaşayan azərbaycanlılar arasında əlaqələri inkişaf etdirmək, onların birliyini daha da möhkəmləndirməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elçin Məmmədov qeyd edib ki, bu kitab dünya azərbaycanlılarının daha sıx təşkilatlanmasinda mühüm əhəmiyyət kəsb edir. Digər çıxış edənlər kitabın hazırlanmasını yüksək qiymətləndiriblər. Tədbirdə bildirilib ki, kitab bir neçə dilə tərcümə olunaraq dünyada yayımlanacaq.
Gürcüstanda fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Gürcüstan Azərbaycanlıları Kongresidir. əşkilat Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllini, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını, Gürcüstan və Azərbaycan dövlətləri arasındakı əlaqələrin inkişafına, işğal olunmuş ərazilərin sülh yolu ilə həllinə kömək göstərməyi, eyni zamanda, lobbiçilik fəaliyyətini gücləndirməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, GAK 2008-ci ildə yaradılsa da, sonradan bəzi səbəblərdən fəaliyyətini dayandırıb.  2016-cı ildən yenidən fəaliyyətini bərpa edən konqres qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bütün gücünü səfərbər edir. Bunun üçün Azərbaycan-Gürcüstan dostluğuna, milli maraqlara xidmət edən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq yaradıb. Hazırda GAK-ın ətrafında 30-dan çox QHT birləşib.
Gürcüstan Azərbaycanlıları Kongresinin diqqətdə saxladıqları məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyət, ermənilərin tez-tez atəşkəsi pozması təşkilat tərəfindən izlənilir. Bildirilir ki, Gürcüstanda yaşayan azərbaycanlıları bu ölkənin vətəndaşları olsalar da, ürəkləri daim Azərbaycan ilə döyünür. Onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını diqqətlə izləyir və onun mövqeyini tam dəstəkləyirlər. Soydaşlarımız Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər. Bu günlərdə Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Allahverdiyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Bu barədə diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib. Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib. Bəyanatda deyilir: "Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Qeyd olunub ki, dünyanın aparıcı, sülhpərvər dövlətləri, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalıdır. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".
Gürcüstan Azərbaycanlıları Kongresinin də yaxından iştirak etdiyi bir sıra etiraz aksiyaları da keçirilib. Bu, tədbirlərin birində Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və fəal Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdikləri təxribatlar, xüsusən də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər. 
(ardı var)

Xəbər xətti