Azərbaycanda mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb

18:21 - 12 İyun 2017 - KİVDF

Ölkəmizdə olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu çox həssas məkanda yerləşir. Geosiyasi baxımdan, kənar qüvvələrin marağında olan ərazidir. Bu baxımdan da bu ərazidə məskunlaşmış etnik qruplar müxtəlif olub. Hazırda etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsinlər. Buna nail olmaq üçün Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət və izzət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir. Heç bir dini ayrı-seçkiliyə yol verilmir. “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüzillərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
Göründüyü kimi hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edirlər. Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə ediblər – məscidlərimiz açıqdır, ibadət yerlərinə getmək üçün heç bir problem yoxdur. Hazırda təkcə İslam dini deyil, ölkəmizdə ümumiyyətlə dini durumla bağlı heç bir problem mövcud deyil. Bu gün bizim əqidəmizə həbs qoyulmur. Bütün vətəndaşlarımız dini ayinləri açıq şəkildə yerinə yetirir. Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil. Bu isə Azərbaycanın dini, milli və irqi ayrıseçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. 
Ümumiyyətlə, tarix boyu din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. Dinə tolerant münasibət isə həmişə müsbət nəticəsini verib.  Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə əsrlər boyu azərbaycanlılarla yanaşı, müxtəlif başqa millətlərin nümayəndələri də bərabər şəkildə yaşayıb. Onlar bu gün müstəqil Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Müxtəlif konfessiyaların nümayəndələri arasında əlaqələr həmişə dostluq münasibətləri səviyyəsində mövcud olaraq, tolerantlıq ənənələri ictimai şüurda möhkəm bərqərar olub.
Bu da dini tolerantlığın nümunəvi modelidir. Bu gün də Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür
Qeyd edək ki, Azərbaycan Konstitusiyasında da aydın şəkildə dini azadlığa zəmanət verilir və qeyd olunur ki, Azərbaycan dövləti tamamilə hər bir dindən ayrı dünyəvi respublikadır. Bunun nəticəsidir ki, Azərbaycanda şərqi ortodoks, yəhudi, protestant və udi icmaları bildirirlər ki, Azərbaycan hökuməti, eləcə də xalqı onların dini qrupuna qarşı dostluq, dəstək və tolerantlığın ən yüksək səviyyəsini göstərir. Onlar əlavə edirlər ki, icmalar Azərbaycanda özlərini həmişə rahat və təhlükəsiz hiss edirlər. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda dini qruplar çox müxtəlifdir və ölkə bir çox etnik qrupların ev sahibidir.  
 Azərbaycan bunlarla yanaşı həm də müxtəlif dini mərkəzlərlə əlaqəni genişləndirir və Azərbaycandakı tolerantlıq dini liderlər tərəfindən yüksək qiymətləndirilir. Misal üçün, Azərbaycan Vatikan ilə dostluq əlaqələri qurub. Prezident İlham Əliyev də bunun davam etməsinə sadiq qalır. Bunun bariz nümunəsi kimi Roma-katolik kilsəsinin keçmiş başçısı II İoann Pavelin 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür”.
Həmçinin Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone 2008-ci ilin mart ayında Bakıda olarkən Azərbaycanda müşahidə etdiyi tolerantlığı yüksək qiymətləndirərək, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşaması faktını xüsusi vurğulamışdır. Kardinal Tarçizio Bertone Azərbaycan xalqının və dövlətinin digər millətlərə və dinlərə olan münasibətini yüksək dəyərləndirmişdir. Tolerantlığın Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın dövlət katibi ölkə Prezidentinin fəaliyyətində də həmin məqamın aydın göründüyünü bildirmişdi. Vatikanın önəmli din xadimlərindən biri olan kardinal Covanni Layolo da Azərbaycan və Vatikan arasında dostluq əlaqələrinin səviyyəsindən razı olduğunu bildirib. O, qeyd edib ki, ölkə bir çox dinlərin və mədəniyyətlərin birləşdiyi yerdir. Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatlarının birində vurğulayıb ki, müstəqil Azərbaycanın nailiyyətlərindən biri də odur ki, bütün etnik qruplardan və dinlərdən olan insanlar burada eyni hüquqlara malik böyük bir ailə kimi yaşayır.
Ötən ilin oktyabrında Azərbaycanda səfərdə olan Roma Papası Fransisk də ölkəmizdəki tolerantlığı yüksək qiymətləndirib. Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində messa - dini mərasim keçirmək üçün Bakıdakı Katolik Kilsəsində olub.O, insan üçün dünya üzərində zəfər qazanmanın yolunun imandan keçdiyini, həyatda üzləşdiyimiz ən çətin sınaqlardan belə ləyaqətlə çıxmağımızın vacibliyini bildirib.Bu mərasim bir daha ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bütün tərəfləri ilə nümayiş etdirdi. Bu təsdiqlədi ki, Azərbaycandakı dözümlülük, tolerantlıq mühiti, multikultural dəyərlərə olan sadiqlik ölkəmizdə nadir qardaşlıq və dostluq mühiti yaradıb. Roma Papasının Azərbaycana səfəri isə ölkəmiz ilə Vatikan arasında inkişaf edən münasibətlərə əvəzsiz töhfədir. Bu münasibət digər dinin nümayəndələrinə qarşı da həyata keçirilir və Azərbaycanda multikulturalizmin, toerantlığın göstəricisidir. Bu. Həm də bir çox ölkələr üçün örnəkdir.

Xəbər xətti