Zərərlə fəaliyyət göstərən vergi ödəyicilərinə nəzarət gücləndirilməlidir

12:38 - 7 Dekabr 2016 - Xəbər

 Hesablama Palatasının Kollegiyası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Auditə əsasən, obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (əsasən Bakı şəhərində və Abşeron rayonunda) yerləşən bir sıra aktiv vergi ödəyicilərinin bəyannamələrində dövriyyələrin göstərilməməsi, digərləri üzrə isə dövlət büdcəsinə hesablanmış və ödənilmiş vergi məbləğlərinin azalması səbəbləri araşdırılmayıb.

Borcların vergi ödəyicilərinin əmlaklarına yönəldilməsi hesabına dövlət büdcəsinə təmin edilməsi məqsədilə açılmış qərarlardan auditlə əhatə olunan dövrün sonuna icra edilməmiş qərarların sayı 516, həmin qərarlar üzrə ümumi borcun məbləği isə 742,0 min manat təşkil edib.
Gəlirdən çıxılan xərclərin tərkibində əsasən xammal-material və malın dəyəri xərclərinin xüsusi çəkisinin yüksək olması səbəbindən bir sıra mənfəət vergisi (illik gəlir vergisi) ödəyicilərinin ümumi rentabellik səviyyəsi aşağı olub. Eyni zamanda, zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzrə də mövcud olan müxtəlif məlumatlar vergi nəzarəti qaydasında üzləşdirilməyib, uyğunsuzluqların səbəbləri müəyyənləşdirilməyibvə aradan qaldırılmayıb.
Bir sıra hüquqi şəxslər üzrə hesablanmış əmək haqqı məbləğləri mənfəət vergisinin bəyannamələrində ümumi gəlirdə çıxılmaların tərkibində əmək haqqı xərcləri kimi göstərilməyib, eyni zamanda muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergilərin hesablanmaması halları da mövcud olub ki, bu hüquqi şəxslərdə də operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi təmin edilməyib.
Auditin nəticələri ümumiləşdirilərək, ayrı-ayrı rayonların gəlirləri üzrə proqnozların icrasının, əsasən, həmin rayonların ərazilərində fəaliyyət göstərən vergi ödəyicilərinin vergiləri hesabına ödənilməsinin təmin olunması, obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (xüsusilə, Bakı şəhərində və Abşeron rayonunda) yerləşən vergi ödəyiciləri, eləcə də ümumi rentabellik səviyyəsi aşağı olmuş mənfəət vergisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi ödəyiciləri, eləcə də zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzərində nəzarətin gücləndirilməsi zəruri hesab edilib.

Xəbər xətti