"Bu gün komandada belə fikir yoxdur"

09:05 - 21 Sentyabr 2024 - İDMAN

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında bir neçə gün əvvəl "Neftçi"dən ayrılan Qara Qarayev barədə sualları cavablandırıb.

Ucnoqta.az-ın məlumatına görə, o, futbolçunun "Qarabağ"a dəvət olunması barədə təkliflərə münasibət bildirib.

"Bu gün komandada belə fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur", - baş məşqçi deyib.

Qurban Qurbanov Qaranın peşəkar futbolçu olduğunu vurğulayıb: 

“Qarabağ”da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarla bağlı çox dərinliklərə getmirəm. Futbolçunun yaşı elədir ki, təcrübəlidir, işin içindədir, daha düzgün görür. Bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbir edin. Baş məşqçi rəhbərdir. İntizamını qoruyub-saxlasın, məşqlərdə ən yaxşılardan olmağa çalışsın. Get-gedə çox futbolçuda belə hallar olub. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda da, məşqlərdə ən yaxşılardan olub. Konkret nəsə deməyim, olmayıb. Bir onu bilirəm ki, Qara özünü həmişə günahlandırıb. Burada oynamayanda da, heç vaxt məşqçinin üzərinə atmayıb. Peşəkarlıq onda var. Onun kiminsə dalınca danışdığını görməmişəm".

Qeyd edək ki, sentyabrın 19-da "Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb. "Ağ-qaralar" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xəbər xətti