“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinin tədbirləri başa çatıb

12:31 - 7 Dekabr 2016 - Xəbər

“QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində keçirilən “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinin təltifetmə mərasimi keçirilib. 
Təltifetmə mərasimindən sonra layihə iştirakçıları öz təəssüratlarını bölüşüblər və mövzu ətrafında fikir mübadiləsi aparıblar. 
"Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı" İctimai Birliyinin idarə heyətinin üzvü Ülvi Əhmədov qeyd edib: “Üç günlük təlim proqramında iştirak etməklə beynəlxalq fondlara qrant yazmağın yollarını öyrəndim. Burada iştirak etmək mənə geniş təcrübə qazandırdı. Beynəlxalq təlimçilər tərəfindən keçirilən təlim proqramında layihə yazmaq üzrə praktiki biliklərimi daha da möhkəmləndirdim. Lahiyədə iştirak etməklə beynəlxalq fondların iş prinsiplərini öyrəndim. İnanıram ki, burada iştirak etməyim gələcək karyerama geniş töhfə vermiş olacaq”.
Azərbaycan Skautlar Assosiasiyasının üzvü Fərid Süleyman qeyd edib: “Problemin həllinə yönəlik layihələrin yazılması,maliyyə, ən əsası gələcək əməkdaşlıq üçün qurum, təşkilat tapmağın yollarını axtarmaq cəhətdən bu layihə olduqca maraqlı,ən əsası interaktiv idi. Faydalı olması önəmli idi ki, buna da nail olundu deyə bilərik”. 
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilir. Milli Şurası tərəfindən keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatı dəstəyi, Avropa Gənclər Forumu və “AİESEC Qlobal”-ın tərəfdaşlığı ilə keçirilir. Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq,  beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir. 
Qeyd edək ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində ilk tədbir Avropa Gənclər Paytaxtı Gəncə şəhərində “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda panel sessiyası keçirilib. Tədbir zamanı layihə haqqında iştirakçılara ümumi məlumat verilib. Paneldə ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr keçirilib, daha sonra ekspertlər gəncləri maraqlandıran sualları cavablandıraraq öz təcrübələrini bölüşüblər. 25-27 noyabr 2016-cı tarixlərində Beynəlxalq təlimçilərin iştirakı ilə “Avropa Fondları vasitəsi ilə Fandreyzinq” və “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu” mövzularında Azərbaycan Dövlət İqtisad Universitetində təlimlər keçirilib. Üç gün ərzində iştirakçılara “Avropa Fondları vasitəsi ilə Fandreyzinq” “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu” mövzuları haqqında ətraflı məlumat verilib, daha sonra gənclər və gənclər təşkilatları üçün əhəmiyyətindən və imkanlarından danışılıb. 28 noyabr 2016-cı tarixində isə “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində seminarlar keçirilib. Sabunçu rayonunun Gənclər evində rayon gənclərinin iştirakı ilə “Erasmus+ proqramında gənclərin iştirakı və gənclər evlərinin rolu”  mövzusunda seminar baş tutub. Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin iştirakı ilə keçirilən seminar isə “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu” mövzusunda təşkil olunub. 
Xatırladaq ki, 2013-cü ildən start verilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstəyi ilə  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirir. QİDA proqramı çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bugünə qədər 73 gənclər təşkilatından 720 iştirakçı QİDA proqramı çərçivəsində 54 ayrı təlimdə iştirak edib. 

 

Xəbər xətti