Azərbaycanda dini etiqad azadlığının təmin edilib

19:26 - 24 İyun 2016 - KİVDF

Dünyəvi dövlətçilik prinsipləri qorunub saxlanılıb

Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Hazırda Dövlət Komitəsinin qarşısına qoyulmuş əsas məqsəd vicdan azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin, tolerant və multikultural prinsiplərin təbliği, eləcə də dini maarifçilik işi və dini radikalizmə qarşı effektli mübarizə aparılmasıdır.  Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan DQİDK-ya 2.5 milyon manat ayrılması faktı xüsusi qeyd edilməlidir. Həmin maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli-mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrə müvafiq ekspert rəyi verilməsi üçün Dövlət Komitəsində Qiymətləndirmə Komissiyası yaradılıb. Qiymətləndirmə Komissiyası dini icmaların layihəsinə baxıb və müsbət rəy verdikdən sonra Dövlət Komitəsi həmin layihələri maliyyələşdirib. İndiyədək 102-si müsəlman və 19-u qeyri-müsəlman olmaqla ümumilikdə 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Maarifləndirmə tədbirləri çərçivəsində dini icmaların təşkil etdikləri və ekspertlərin də qatıldığı tədbirlərdə din xadimləri, ziyalılar, müəllimlər, fəal ictimaiyyət nümayəndələri ilə yanaşı, gənclər və yeniyetmələr də iştirak ediblər. Ümumilikdə sayı 400-dən çox olan belə maarifləndirmə tədbirlərində on minlərlə insanın iştirakı təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti vasitəsi ilə də həyata keçirilməkdədir. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri də maarifləndirici ədəbiyyatların nəşr olunması və yayılmasını təşkil etməkdir. Dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərən Dinşünaslıq Komissiyası yaradılıb. Komissiyanın əsas məqsədi milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanılması istiqamətində fəaliyyət göstərməkdən ibarətdir. Geridə qalan dövrdə komitənin əməkdaşları Dinşünaslıq Komissiyasının üzvləri ilə birlikdə maarifləndirici xarakterli 60-a yaxın kitab və kitabçalar hazırlayıblar. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə bağlı nitqlərindən, çıxışlarından, fərman və sərəncamlarından ibarət olan, Azərbaycanın dövlət-din münasibətlərinin tədqiqi üçün nəzəri material sayıla biləcək “Heydər Əliyev: tolerantlıq siyasəti” (Azərbaycan və rus dillərində), “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabları oxuculara təqdim edilib. Onu da deyək ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını təşkil edən ölkə konstitusiyası və “Dini etiqad azadlığı haqqında” qanuna ötən müddət ərzində edilmiş əlavə və dəyişikliklər nəticəsində hüquqi bazamız daha işlək, daha demokratik format qazanıb.
Dövlət Komitəsinin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələri üç əsas amil üzərində qurulub: dini etiqad azadlığının təmin edilməsi; dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması; dini təəssübkeşliyin fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması. Eyni zamanda, Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir. Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu yolverilməzdir. Üçüncü istiqamət ideoloji təbliğat yoludur. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib. Son illər ölkəmizdə din sahəsində həyata keçirilən əsas tədbirlərdən biri də şəhər və ya rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini işlər üzrə komissiyaların fəaliyyətinin yenidən qurulmasıdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbələrində şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı ştatı yaradılıb. Qeyd etmək lazımdır ki, dini radikalizmlə mübarizənin sistemli və kompleks şəkildə aparılması məqsədilə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, maarifləndirmə işi genişləndirilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Bu mənada icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçılarının üzərinə yerlərdə radikal dini meyillərin vaxtında aşkar edilməsi, dini radikalizmə qarşı mübarizədə icra hakimiyyəti orqanları ilə hüquq-mühafizə orqanları arasında fəaliyyətin əlaqələndirilməsi və radikal dini təbliğata qarşı əks-təbliğat işinin təşkili kimi mühüm vəzifələr düşür. Yerlərdə yaradılmış həmin komissiyalar və dini qurumlarla işin təşkilatçıları iş planına və təlimata uyğun fəaliyyət göstərir, onların digər dövlət orqanları ilə əlaqəli işi uğurla koordinasiya edilir. Dövlət Komitəsinin fəaliyyətinin önəmli bir hissəsini dini qurumların dövlət qeydiyyatına alınması və dini təhsil ocaqları ilə iş təşkil edir. Dini qurumların qeydiyyatı ilə bağlı müraciətlərə həmişə operativ baxılaraq, müvafiq qərarlar qəbul olunub. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr və dəyişikliklər edildikdən sonra Dövlət Komitəsində 649 dini qurum qeydiyyatdan keçib. Bu müddət ərzində onlardan 4-ü ləğv edilib. Hazırda 645 dini icma qeydiyyatdadır. Konfessional baxımdan onların 620-i islam, 25-i isə qeyri-islam (xristian - 15; yəhudi -7; krişna - 1; bəhai - 2) təmayüllüdür.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə dini təhsil sahəsində müəyyən işlər görülüb. Hazırda respublikada dini təhsil verən 3 orta ixtisas - mədrəsə, iki ali təhsil müəssisəsi fəaliyyət göstərir. 27 iyun 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmış Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında mühüm rola malikdir və hazırda çalışan din xadimlərinin əksəriyyəti bu universitetin məzunlarıdır. 1992-93-cü tədris ilində təsis olunmuş Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarına isə iki ixtisas - ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi ixtisası verilir ki, bu da məzunların işlə təmin oluna bilməsi üçün geniş imkanlar açır. DQİDK-da çalışan kadrların böyük əksəriyyəti, eləcə də Milli Elmlər Akademiyasında, o cümlədən ayrı-ayrı təhsil ocaqlarında dinşünaslıq üzrə fəaliyyət göstərən şəxslər də məhz bu fakültənin yetirmələridir. Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altında fəaliyyət göstərən Şəki, Əliabad və Şəbnəm islam mədrəsələrində dini biliklərlə yanaşı, dünyəvi fənlər də tədris olunur ki, bu da gənclərin hərtərəfli hazırlığının təmin olunmasına xidmət edir.
(ardı var)

 

Xəbər xətti