“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev üçün vətəndaş məmnunluğu, xalqın sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması hər zaman prioritet olub. Hələ ölkənin bir nömrəli postuna əyləşən gündən dövlət başçısı bəyan edib ki, sosial sahə, insanların həyat şəraitinin yaxşılaşdırılması hər zaman prioritet olacaq. Elə Cənab Prezidentin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə zamanı sosial sahəyə xüsusi diqqət ayırması deyilənlərin təsdiqidir”.
Bu fikirləri “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, ümumiyyətlə Prezident İlham Əliyevin müsahibələrində sosial sahə daim prioritet istiqamət kimi vurğulanır:
“Ötən gün televiziya kanallarına verdiyi müsahibə zamanı da dövlət başçısı qeyd etdi ki, aparılan sosial siyasətin əsas məqsədi vətəndaşların rifah halının yaxşılaşdırılması, sosial ədalətin təmin olunması və əhalinin həssas təbəqələrinin müdafiəsidir. Prezidentin müsahibəsində xüsusi olaraq maaşların, pensiyaların və sosial müavinətlərin artırılması məsələsinə toxunulur. Bildirilir ki, son illər ərzində həyata keçirilən sosial islahat paketləri milyonlarla insanı əhatə etmiş, əhalinin gəlirlərində əhəmiyyətli artım baş vermişdir. Bu addımlar ölkənin iqtisadi imkanlarına uyğun şəkildə davamlı xarakter daşıyır”.
Təşkilat sədri qeyd edib ki, sosial siyasətin mühüm istiqamətlərindən biri məşğulluğun təmin edilməsidir:
“Prezident İlham Əliyev yeni iş yerlərinin yaradılmasını, xüsusilə regionlarda iqtisadi fəallığın artırılmasını vacib amil kimi dəyərləndirir. Özünüməşğulluq proqramları və kiçik biznesə dəstək mexanizmləri əhalinin dayanıqlı gəlir əldə etməsinə şərait yaradır.
Müsahibədə məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri də ön plana çəkildi. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasını, onlara göstərilən sosial qayğının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğuladı”.
Susana Məmmədova qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər dövlətin vətəndaş yönümlü siyasət apardığını, sosial rifahın yüksəldilməsinin ölkə inkişafının əsas şərtlərindən biri olduğunu bir daha nümayiş etdirir.