Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləsə də ... - Ekspert

12:20 - 31 May 2023 - Cəmiyyət

Global StartupBlink qurumu 2023-cü il üçün növbəti hesabatını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti ekspert Osman Gündüz deyib. Osman Gündüz qeyd edir ki, Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2023-cü ildə bir pillə irəliləyərək 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb:

"Bakı şəhəri isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib. Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 4 pillə irəliləmişdi, 2021-ci ildə 19 pillə geriləmişdi. Azərbaycan bu reytinqdə hələ də 3-4 il öncəki vəziyyətini (70-ci yer) bərpa edə bilməyib.

Hesabatdan görsənir ki, artıq iki ildir ki, ASAN StartupBlink qurumu ilə partnyorluq edir. Adı çəkilən Hesabatda da Azərbaycanda ekosistemin inkişafında ASAN -nın xüsusi rolu qeyd edilib.

Azərbaycandan bir xeyli startaplar və ekosistem iştirakçıları bu qurumun bazasına daxil edilib.

Amma buradan görmək olar ki, Azərbaycanın ən böyük startap xəritəsi olan STARTUP.AZ bazasındakı bir çox startaplar, o cümlədən startap şəhadətnaməsi alanların bir çoxu StartupBlink -də yoxdur".

Ekspert qeyd edir ki, adıçəkilən reytinqdə qonşu ölkələrin vəziyyəti bizimlə müqayisədə daha yaxşıdır:

"Məsələn, startap ekosistemin inkişafına görə cari ildə Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıblar. Maraqlıdır ki, müharibə şəraitində olan Ukrayna da bir pillə irəliləyə bilib və reytinqdə bizə nisbətən xeyli öndədir. Belarus 10 pillə geriləsə də bizdən öndədir.

StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır. Ötən bir il ərzində sektorda ekosistemin inkişafına təkan verəcək bir neçə mühüm addımlar atılıb.

Düşünmək olar ki, son zamanlarda ölkəmizin startap ekosistemində həyata keçirilən bəzi müsbət addımlar bu reytinqdə nəzərə alınmayıb.

Bununla belə, güman ki, qonşu ölkələr, digər ölkələr də "yatmayıblar" və bu sahəyə ciddi yatırımlar edirlər".

"Beləliklə, Azərbaycanın reytinqdə 1 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe regionda ən aşağı göstəricidir və potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz.

Səlahiyyətli qurumlar səylərini birləşdirərək daha ciddi proqramlara diqqət yetirməli, investisiya mühitini yaxşılaşdırmalı və startaplara dəstəyi gücləndirməlidirlər" - Osman Gündüz əlavə edib.

Xəbər xətti