Prezident Şuşada bayrağı qaldıraraq öz vədini yerinə yetirdi!

14:31 - 17 Yanvar 2021 - Cəmiyyət

44 günlük Vətən müharibəmizdə əldə etdiyimiz tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən öncə lider və insan faktoru dayanır. Azərbaycanın müdrik Prezidenti, müzəffər Ali Baş Komandanı ilə yanaşı, onun bir əmri ilə özünü odun-alovun üzərinə ataraq torpaqları almağa hazır olan minlərlə vətənpərvər gəncinin də olduğu isbat edildi. Bütün bunlar qələbəmizi təmin edən əsas şərtlərindən idi. Elə ölkə başçısının Şuşaya səfəri zamanı diqqət çəkən incə nüanslar da bu amilləri bir daha ortaya qoydu.

Öncə onu deyim ki, müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti artıq böyük quruculuq işlərinə start verib. Əslində elə torpaqlar azad olunan kimi ərazilərdə müəyyən bərpa və quruculuq işlərinə dərhal başlanmışdı. Amma indi daha böyük quruculuq işlərinə başlanmasının şahidi oluruq. Prezident yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyması tarixi hadisə sayıla bilər.

Maraq üçün qeyd edim ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Təbii ki, strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanının təhvil verilməsi bir çox iqtisadi-soail prosesləri də surətləndirəcək. Çünki bu, azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir. Təsəvvür edin ki, qonaqlar, turistlər Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Şuşaya çəkilən yol da geniş və yüksək keyfiyyətli olacaq. Qısası, indiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Bundan başqa, həmin aeroportlar gələcəkdə daha böyük quruculuq işlərinin aparılmasında operativliyin və vaxt itkilərinin də azalmasını təmin edəcək.

Təkcə bir maraqlı və vacib amili xatırladım ki, vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.

Başqa qürurverici məqam da odur ki, azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.

Müharibənin hər bir günü zəfər günü idi

Təbii ki, yaxın aylarda və illərdə Azərbaycan dövləti mədəniyyət paytaxtımız olan Şuşanı və ümumilikdə dağıdılmış bütün başqa şəhər və kəndləri, tarixi abidələri bərpa edəcək. Buna şübhə yoxdur. Qarabağın gözü sayılan Şuşanın bərpası isə planlı şəkildə  aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq. Təsadüfi deyildi ki, məhz Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Doğrudan da bu şəhər tək Azərbaycanın deyil, regionun mədəniyyət mərkəzi sayıla bilər. Şuşa artıq əsl sahibinə qayıdıb və onu daha gözəl gələcək gözləyir. Hətta mənfur qonşularımız olan ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orada heç bir ciddi abadlıq işləri aparmayıblar, yalnız xuntanın rəhbərləri  özləri üçün villalar tikdirmişdilər. Bizim tarixi məkanları isə ya dağıdıb pis hala salmış, ya da ümumən yer üzündən siliblər ki, tarixi izləri itirsinlər...

Qısası, artıq Şuşanın bərpası üçün  baş plan hazırlanır. Bütün binaların da təftişi aparılıb. Ölkə başçısının da dediyi kimi Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.

Prezident İlham Əliyev Noyabrın 8-nin xalqımızın tarixində əbədi qalacağını bəyan etdi. O xüsusi olaraq vurğuladı ki, həmin tarixdə qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib.

“Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik”-deyən Ali Baş Komandan işğalçıların cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olmasını da dəfələrlə xatırladıb. Yəni həqiqətən də şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsi sayılmalıdır. Müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedirdi. Düşmən isə əksinə olaraq fərarilik edir, silahı atıb qaçırdı. Biz işğalçıları iti qovan kimi qovaraq 30 ildir həsrətində olduğumuz tarixi torpaqlarımıza sahib çıxdıq. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərə idi... Bu gün hətta inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri belə Vətən müharibəsinin hər bir gününü təhlil edirlər.  Bununla bağlı Prezident İlham Əliyev deyib: “Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır”.

Təbii ki, döyüşlər zamanı ən böyük zərbə Şuşada oldu. Bu şəhərin  işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri  məhv etdi, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri aldı. Çünki bu ordu, bu istehkamlar, bu müdafiə sistemləri məhz uzun illər hakimiyyətdə olmuş tiranların-Sarkisyan-Koçaryan cütlüyünün zamanında qurulmuşdu. Xuntanın nümayəndələri isə müharibə vaxtı qaçıb gizləndilər, sadə erməni gənclərini qırğına verdilər...

Azərbaycan düşmənə elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar

Təbii ki, Şuşadan və ümumilikdə torpaqlarımızın azad edilməsindən danışarkən təəssüf hissi ilə o ərazilərin necə işğala məruz qalmasını da xatırlayırıq. Tarix heç nəyi unutmur və 90-cı illərin əvvəllərində hakimiyyət davasına başı qarışan ölkə rəhbərliyinin səbatsızlığı məhz Şuşa kimi strateji şəhərin itirilməsi ilə nəticələnmişdi. Şəhər 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal edilmişdi.

Yəni həqiqətən də Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olub. Bu gün hər kəs gözəl bilir ki, tarixi torpaqlarımızın işğal edilməsi o vaxt hakimiyyətdə olmuş AXC-nin birbaşa məsuliyyətidir.

Bununla bağlı ölkə başçısı da son çıxışında xüsusi olaraq vurğuladı ki, Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır.
Tarixə böyük xəyanət kimi düşən həmin hadisələr zamanı AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim etmişdi. Yəni Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törətdilər. Səriştəsiz kadrlardan formalaşmış AXC hakimiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıblar. Prezident əbəs yerə Şuşada məşhur bir rəzalətli bəyanatı xatırlatmadı:

“Ovaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, amma qorxaqcasına Şuşadan qaçmışdı”. O həmçinin ermənilərin guya Şuşada keçirilən  əməliyyat haqqında əfsanələr uydurmalarını da qeyd edib. “Dağlarda toy” adlı heç bir əməliyyat olmayıb. Əlbəttə ölkə başçısının da dediyi kimi şəhərdə heç bir əməliyyat keçirilməmişdi. Amma Azərbaycan ötən il onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar!

Qısası nəinki Şuşada ümumən 44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən  təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdi. Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu. Bu yerdə ölkə başçısının Şuşada səsləndirdiyi qürurverici bəyanatı da xatırlatmaq yerinə düşər: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Ulu Öndər demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görürdü

Biz Şuşa, ümumilikdə Qarabağ haqqında danışarkən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin də bu istiqamətdə göstərdiyi tarixi xidmətlərini də unutmamalıyıq. Məlumdur ki, Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır.

Sirr deyil ki, 1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görüb.

Məhz 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, Dağlıq Qarabağda yeni müəssisələr yaradıldı və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gətirildi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində  Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Təbii ki, Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib. Onun Şuşada olarkən məqbərə önündə çəkilən məşhur fotosu da tarixi fotolardandır.

Məhz bu amilə toxunan Prezident deyib: “Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi”.

Prezident çıxışında o məqamda da toxunub ki,  Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb. Həqiqətən də 1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə gəlməsi ilə  Azərbaycan iflasdan xilas oldu,  milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başladı.

Bu gün artıq 30 illik problem həll edilib,  müharibə bitib və qələbənin təmin olunmasında əvəzolunmaz xidmətləri olan qazilərə və şəhidlərin ailələrinə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Həqiqətən də bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunublar.

Böyük bir plan var ki, şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək. Təbii ki, bu da öz yurd yuvalarına qayıdan məcburi köçkünlərin məskunlaşdığı binaların hesabına təmin ediləcək. Maraq üçün qeyd edim ki, birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib. Bundan başqa, şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldıki bu da təqdir ediləsi haldır. Bu gün döyüşlərdə yaralanmış hərbçilərimiz də dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunublar. Yaxın gələcəkdə əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi tam şəkildə öz həllini tapacaq. İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçilər təltif edilməsi isə xalq olaraq hər birimizi qürurlandırır!

Sözü imzası qədər qüvvətli olan lider!

Son olaraq qeyd edim ki, təsadüfi deyildi ki, Prezident  İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”- deyirdi. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Prezident 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında  çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.

Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Amma sən saydığını say, gör Azərbaycan Ordusu nə sayır! Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana ordusunun parlaq zəfəri bu  iyrənc,  təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir.

Prezident çıxışlarının birində onu da demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.
Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa etdi. Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu da bacardı. Son olaraq Prezidentin məşhur fikirləri ilə yazını yekunlaşdırım: “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

Ümüd Həsənli
Xəzər Rayonu Gənclər və İdman İdarəsinin Vətənpərvərlik Klubunun sədri

Xəbər xətti