Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək: "Bavariya"- "Sevilya"

09:07 - 24 Sentyabr 2020 - İDMAN

Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək.

Sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Oyun öncəsi "Bavariya"nın heyətində ciddi itkilər var. Komandanın bombardiri Robert Levandovski və müdafiəçi Tanqi Kuassi zədə səbəbindən, yarımmüdafiəçi Kinqsli Koman isə karantində olduğu üçün matçı buraxacaq. Digər zədəlilər -  Entoni Deyvislə Leon Qoretskanın oynaması sual altındadır. "Sevilya"da isə Sebastyan Korşya və Pablo Peres eyni səbəbdən meydana çıxa bilməyəcəklər.

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçiriləcək. Görüşü "Bavariya"dan 1 300, "Sevilya"dan isə 500 tərəfdarın izləyəcəyi gözlənilir.
Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.

Titul uğrunda son 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə ) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt. "Ferents Puşkaş" stadionu

Qeyd edək ki, UEFA Super Kubokunun son qalibi İngiltərənin "Liverpul" klubudur.///report

Xəbər xətti