Azərbaycan Dəmir Yollarının (ADY) sabiq əməkdaşı Rəsul Məmmədov Bakı–Tbilisi–Bakı marşrutu üzrə fəaliyyətə başlayan sərnişin qatarı ilə səfər təcrübəsini ictimailəşdirib.
Ucnoqta.az xəbər verir ki, yeddi il ADY-də çalışdığını xatırladan Məmmədov paylaşımında mümkün qədər obyektiv olmağa çalışdığını bildirib.
Onun sözlərinə görə, ötən ay ABŞ-a səfəri planlaşdırılıb. Geri dönüş bileti axtararkən Bakıya uyğun marşrut tapa bilməyən keçmiş dəmiryolçu Bakı–Varşava–Los Anceles–Vyana–Tbilisi marşrutu üzrə aviabilet alıb. Məhz həmin günlərdə mətbuatda Bakı–Tbilisi–Bakı qatarının yenidən fəaliyyətə başlayacağı barədə xəbər lər yayılıb.
“Bu xəbər məni çox sevindirdi. Çünki qatar üçün elan olunan bilet qiyməti 81 manat idi. Həmin dövrdə isə Tbilisi–Bakı aviabileti təxminən 170 avroya başa gəlirdi”, – deyə o qeyd edib.
ABŞ-da olarkən əməkdaşlarından 6 iyun tarixi üçün Tbilisi–Bakı istiqamətində bilet almasını xahiş edən Məmmədov satışın ilk günü ona üç tarif seçiminin təqdim olunduğunu bildirib. Bunlar komfort sinfi üzrə 104,26 manat, komfort+ sinfi üzrə 150,65 manat və lüks sinfi üzrə 231,29 manat olub. Lakin həmin vaxt yalnız lüks sinifdə boş yerlər qalıb.
“Qiyməti təyyarə bileti ilə müqayisə etdikdə hesabladım ki, təxminən 109 manat qənaət edirəm. Üstəlik, eşitdiyimə görə, lüks sinif ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş və digər üstünlüklər təqdim etməli idi. Sonradan nə qədər yanıldığımı anladım”, – deyə o yazıb.
Keçmiş ADY əməkdaşı qeyd edir ki, ABŞ-dan qayıdarkən aviaşirkət tərəfindən ona 23 kiloqramlıq baqaj və 10 kiloqrama qədər əl yükü aparmaq imkanı verilib və marşrut boyu heç bir problem yaşanmayıb. Lakin onun sözlərinə görə, çətinliklər Tbilisi vağzalında başlayıb.
“Biletimi yoxlayan bələdçi xanım bildirdi ki, lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kiloqramlıq kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq mümkündür”, – deyə Məmmədov bildirib.
O qeyd edir ki, yaxınlıqda dayanan bir sərnişin çantanı öz adına rəsmiləşdirməyi təklif etsə də, bu variant qəbul edilməyib və nəticədə əlavə ödənişi etmək məcburiyyətində qalıb.
Kupedə onu növbəti məyusluq qarşılayıb.
“Kupeyə daxil olduqda gördüm ki, artıq ikinci sərnişin də oradadır. Məlum oldu ki, lüks bilet sadəcə iki nəfərlik kupe deməkdir”, – deyə keçmiş dəmiryolçu yazıb.
Onun sözlərinə görə, qatar hərəkətə başladıqdan sonra bələdçidən çay istəsə də, ona bütün sifarişlər üçün restoran vaqonuna müraciət etməli olduğu bildirilib.
“Lüks sinifdə qidalanma barədə soruşduqda da eyni cavabı aldım. Restoran vaqonuna yönləndirildim”, – deyə o qeyd edib.
Məmmədov restoran vaqonundakı qiymətlərin yüksək olduğunu, mətbəxdə yalnız bir nəfərin çalışdığını və sifarişini təxminən bir saat yarımdan sonra ala bildiyini bildirib.
Nəticədə hesabladığı qənaətin böyük hissəsinin əlavə xərclər səbəbindən aradan qalxdığını vurğulayan keçmiş ADY əməkdaşı səfərdən narazı qaldığını gizlətməyib.
“109 manat qənaət etmək istəyirdim. Amma əlavə baqaj ödənişi və şam yeməyindən sonra cəmi 20 manat fərq qaldı. Bunun müqabilində isə böyük məyusluq yaşadım və təxminən 10 saat vaxt itirdim”, – deyə o bildirib.
Rəsul Məmmədov paylaşımında işləməyən internet, kupedəki istilik problemi və işləməyən televizor kimi məsələlərin də olduğunu qeyd edib.
Sonda o, bu səfərin həmin qatarla ilk və son səyahəti olduğunu bildirərək təyyarə nəqliyyatına üstünlük verəcəyini vurğulayıb.
“Çox təəssüf ki, belə köklü və hörmətli dövlət şirkətində sərnişin xidmətlərinin lazımi səviyyədə təşkil oluna bilmədiyini gördüm”, – deyə keçmiş ADY əməkdaşı fikirlərini yekunlaşdırıb.
Maraqlıdır ki, R.Məmmədov yazdığı statusu bir neçə saatdan sonra silib. Qeyd edilənlərlə bağlı ADY-nin mövqeyini öyrənmək istəsək də, qurumun mətbuat xidmətindən sorğumuz əvvəlcə qəbul edildi, sonra isə bildirildi ki, sərnişin rəsmi müraciət etməyib və yazdığı statusu silib. ///afn.az