Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 03–05 iyun 2026-cı il tarixlərində Füzuli rayonunun Horadiz şəhərində “Füzuli Gənclər Düşərgəsi” layihəsi həyata keçirilib.
Füzuli Gənclər Evi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi gənclər arasında əməkdaşlıq və şəbəkələşmə imkanlarını genişləndirmək, onların liderlik, yaradıcılıq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək, eyni zamanda işğaldan azad olunmuş ərazilərin sosial və mədəni inkişaf prosesində iştirakını təşviq etmək olub.
Layihənin açılış mərasimində çıxış edən layihə rəhbəri Nurəddin Mehdiyev qeyri-formal təhsil əsaslı təşəbbüslərin gənclərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, “Füzuli Gənclər Düşərgəsi” Qarabağ bölgəsində yaşayan gənclərin bir platformada bir araya gəlməsinə, onların sosial inteqrasiyasına və şəxsi inkişafına töhfə vermək məqsədi daşıyır.
Üç gün davam edən düşərgə proqramı çərçivəsində 100 nəfər gəncin iştirakı ilə müxtəlif təlim və fəaliyyətlər təşkil olunub. Proqram daxilində “Effektiv komanda quruculuğu və şəbəkələşmə”, liderlik və könüllülük fəaliyyəti mövzularında təlim sessiyaları, sosial layihələrin idarə olunması, startap ideyalarının hazırlanması və süni intellekt texnologiyalarından istifadə imkanlarına dair vorkşoplar keçirilib. Bununla yanaşı, açıq hava komanda oyunları, Qarabağ və Şərqi Zəngəzur mövzusunda intellektual yarışlar və müxtəlif idman fəaliyyətləri iştirakçıların böyük marağına səbəb olub.
Layihənin bağlanış mərasimində çıxış edən təşkilatçı və tərəfdaş qurumların nümayəndələri düşərgənin gənclərin sosial təşəbbüskarlıq bacarıqlarının formalaşmasına, onların yerli icmalarla əməkdaşlıq vərdişlərinin inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində yaradılan ünsiyyət və əməkdaşlıq mühiti gənclər arasında yeni dostluq və tərəfdaşlıq əlaqələrinin qurulmasına imkan yaradacaq, gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinə zəmin formalaşdıracaq. Sonda layihənin yekun qiymətləndirilməsi aparılıb, iştirakçılara sertifikatlar təqdim edilib.
Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.