Azərbaycanda neftin hətta hər barel üçün 30 ABŞ dollarından da aşağı həddə qarşı immunitet yaranıb.
Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda makroiqtisadi təsirlərini şərh edərkən bildirib.
"Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 mln. dollar təsir edir. Azərbaycanda neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitet yaranıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı", - deyə V. Qasımlı bildirib.
Onun sözlərinə görə, hazırda belə kəskin azalma mümkün görünmür: "Üstəlik, hökumət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.
Dövlət büdcəsində isə neftin hər bareli 55 dollar hesablanıb. Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30%-dən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin "qızıl qayda"ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti "ütüləyir"".
O həmçinin xatırladıb ki, büdcədə ilk ayda nəinki kəsir, hətta 400 mln. manatdan çox profisit yaranıb.
"Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 mln. manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dollar olmaqla ÜDM-in həcmini 8%-dən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun"./Apa