“Qurban Qurbanov mənə güvənmirdi”

12:45 - 9 Yanvar 2020 - İDMAN

“Qarabağ”dan ayrılıb, Bolqarıstanın “Levski” klubuna keçən Simeon Slavçev trud.bg saytına açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı futbolçu “Qarabağ”da əcnəbi limitinə görə az oynadığını deyib:

“Mənim durumum bir qarışıqdır. “Qarabağ”da ilk mövsümümdə hər şey normal idi və davamlı şəkildə oynayırdım. İkinci mövsümdə hər şey dəyişdi. Futbol qaydalarına görə baş məşqçimiz Qurban Qurbanov artıq mənə güvənmədi. Məşqlərdə 100 faiz güc qoyurdum, fərdi hazırlaşırdım, ancaq oyuna az çıxırdım. Bu da peşəkar futbolçu üçün çox önəmlidir. Gerçək budur ki, oyun ritmini itirmişdim. İndi yaxşı vəziyyətə gəlmək üçün hazırlaşacam. Tətildə dayanmadım, ümid edirəm ki, testlər yaxşı vəziyyətdə olduğumu göstərəcək”.

Bolqarıstanlı yarımmüdafiəçi oynadığı klublarda arxa planda qaldığını deyib: “Portuqaliya, Polşa, İngiltərə, Kipr və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər gördüm, amma hamısı üçün bir ortaq nöqtə var: onlar ilk növbədə öz oyunçularını qiymətləndirir, sonra isə əcnəbiləri. Olduğum hər yerdə əgər yerli oyunçu var idisə, öncə ona fürsət verilirdi. Əcnəbi futbolçu isə arxa planda qalırdı. Bu amil azarkeşlərə də aiddir. Onlar yerli oyunçunu tez bir şəkildə sevirlər. Xaricilər üçün bu, daha çətindir. Məsələn, “Sportinq” transferim üçün 2-3 milyon avro pul xərcləsə də, məndən 1 yaş kiçik portuqaliyalı futbolçunu daha çox oynadırdılar. Mənə böyük məbləğ xərcləsələr də, öz oyunçularına daha böyük önəm verirdilər”.

 

Xəbər xətti